ABŞ-yə səfəri çərçivəsində kənd təsərrüfatı
naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ Kənd Təsərrüfatı
Nazirinin birinci müavini Stephen Vadenin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
Görüşdə Azərbaycan və ABŞ arasında aqrar
sahədə əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət
dövriyyəsinin artırılması, elmi-tədqiqat və innovasiya sahələrində əməkdaşlığın
inkişaf perspektivləri müzakirə olunub.
Nazir Məcnun Məmmədov Azərbaycanın aqrar
sahədə elmi potensialının inkişafı, tədqiqat institutlarının müasirləşdirilməsi
və onların fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində
həyata keçirilən tədbirlər barədə məlumat verib. O, ABŞ Kənd Təsərrüfatı
Departamentinin (USDA) Kənd Təsərrüfatı Tədqiqatları Xidməti (ARS) və Milli
Ərzaq və Kənd Təsərrüfatı İnstitutu (NIFA) ilə birgə elmi-tədqiqat layihələrinin
və eksperimental sınaqların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Nazir Məcnun Məmmədov işğaldan azad edilmiş
ərazilərdə kənd təsərrüfatının müasir, iqlimə davamlı və rəqəmsal
texnologiyalara əsaslanan model üzrə inkişafı istiqamətində görülən işlərdən də
bəhs edib. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edildiyini diqqətə
çatdıran nazir bu ərazilərdə beynəlxalq standartlara uyğun aqrar istehsal
modelinin qurulmasında ABŞ-ın elmi-tədqiqat təcrübəsinin əhəmiyyətli töhfə verə
biləcəyini bildirib.
ABŞ Kənd Təsərrüfatı Nazirinin birinci
müavini Stephen Vaden iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında qarşılıqlı
anlaşma memorandumunun imzalanması istiqamətində işlərin davam
etdirildiyini bildirib. Qeyd edib ki, Azərbaycan tərəfinin hazırladığı
memorandum layihəsi ABŞ tərəfinə təqdim olunub və hazırda sənəd üzərində
müzakirələr aparılır.
Stephen Vaden memorandum çərçivəsində
biotexnologiyalar, eləcə də heyvandarlıqda seleksiya və damazlıq işi sahələrində
əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. Bu istiqamətlər
üzrə Azərbaycanın təcrübəsinin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin
aparılması məsələləri müzakirə olunub.
Görüşdə, həmçinin aqrar məhsulların ticarətinin
genişləndirilməsi və iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi
məsələləri nəzərdən keçirilib. Tərəflər aqrar sahədə əməkdaşlığın inkişaf
perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və iki ölkənin kənd təsərrüfatı
nazirlikləri arasında memorandum layihəsi ətrafında fikir mübadiləsi aparıblar.