Çin Xalq Respublikasında işgüzar səfərdə olan
kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti
Pekində Çinin kənd təsərrüfatı üzrə qabaqcıl yüksək texnologiya müəssisəsi olan
“DBN Tech Group”un fəaliyyəti ilə tanış olub.
Nümayəndə heyətinə 1993-cü ildə yaradılan “DBN
Tech Group” heyvan yemləri, heyvandarlıq, bitki toxumları, biotexnologiya və kənd
təsərrüfatında rəqəmsal həllər sahələrində fəaliyyət göstərməsi barədə məlumat
verilib. Bildirilib ki, şirkət bioloji seleksiya, məhsuldarlıq, heyvan
sağlamlığı, həmçinin yüksəkkeyfiyyətli yem və toxum məhsullarının istehsalı üzrə
ixtisaslaşıb. Kənd təsərrüfatı biotexnologiyası sahəsində innovasiyalara, rəqəmsallaşmaya
və davamlı inkişafa xüsusi önəm verən “DBN Tech Group” dünyanın ən böyük vahid
kənd təsərrüfatı tədqiqat və inkişaf (R&D) parkını idarə edir. Şirkət Çində
müasir bio-kənd təsərrüfatının sənayeləşməsində əsas hərəkətverici qüvvə rolunu
oynayır.
Şirkətin rəhbərliyi ilə keçirilən görüşdə
qrupun direktoru Mao Çançin “DBN Tech Group”un xarici ölkələrlə də əməkdaşlıq
etdiyini, Azərbaycanla mümkün əməkdaşlıq istiqamətlərinə toxunub.
Nazir Məcnun Məmmədov Azərbaycanın kənd təsərrüfatı
sektorunda həyata keçirilən tədbirlər barədə məlumat verib, Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin müasir çağırışlara uyğun
inkişafı, kənd təsərrüfatında qabaqcıl texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli
istehsalın genişləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi
istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini diqqətə
çatdırıb. Nazir əlavə edib ki, Prezidentin 2026-cı il 25 may tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və
akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair
2026-2030-cu illər üçün Dövlət Proqramı”nda da aqrar sahədə dayanıqlı inkişafın
təmin edilməsi, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi
prioritetlər kimi müəyyənləşdirilib. Nazir qarşıya qoyulan hədəflərə nail
olunması istiqamətində xarici tərəfdaşlarla, o cümlədən Çin şirkətləri ilə də əməkdaşlığın
əhəmiyyətini vurğulayıb. O, “DBN Tech Group”u Azərbaycanda hər il keçirilən
“Caspian Agro” beynəlxalq kənd təsərrüfatı sərgisində iştiraka dəvət edib.