Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət
göstərən Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının
birgə təşkilatçılığı ilə Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış
Yarmarkasına qeydiyyat başlayır.
Bal Yarmarkasında iştirak etmək istəyən
arıçılar üçün qeydiyyat 7 sentyabr saat 11:00-dan 9 sentyabr saat 23:59-dək
bal.kendden.az portalı üzərindən onlayn qaydada həyata keçiriləcək. Qeydiyyat
yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2026-ci il
sentyabr ayının 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatlarını bəyan etmiş
fermerlər üçün açıq olacaq. Yarmarkada iştirak hüququ qazanmış arıçılara isə
SMS vasitəsilə məlumat veriləcək.
Arıçı fermerlərin hər biri yarmarkada
maksimum 450 kq bal (qablaşdırma ilə birlikdə) və 30 ədəd arı şanı satışa
çıxara bilərlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən
məhsullardan götürülən nümunələr saxaroza analizi üçün istifadə olunacaq. Göstəriciləri
keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar
yarmarkada satışa buraxılmayacaq.
Qeyd edək ki, yarmarkada arıçılıq məhsullarından
götürülən analizlər ödənişli şəkildə həyata keçiriləcək. Yarmarkada iştirak edən
arıçılar satış yeri, lazımi ləvazimatlar, marketinq və PR dəstəyi eyni zamanda
digər zəruri xidmətlərlə təmin olunacaqlar.