Azərbaycan
Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura
məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər
üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə silsilə regional müşavirələr
keçirilir.
Müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, eləcə də Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarını əhatə edir. Azərbaycan Respublikası Prezidentinin
tapşırığı ilə keçirilən müşavirələrdə Prezidentin köməkçiləri, aidiyyəti dövlət
qurumlarının rəhbərləri, səlahiyyətli nümayəndələr, yerli icra hakimiyyəti
orqanlarının rəhbərləri, fermerlər, sahibkarlar və digər maraqlı tərəflər
iştirak edəcəklər.
Regional müşavirələr çərçivəsində Dövlət Proqramının əsas məqsəd və prioritetləri,
aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq
ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun
inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi,
bu istiqamətdə dövlət dəstəyi və digər məsələlər müzakirə olunacaq.
Qeyd edirik ki, bu görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25
may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş
tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin
regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin
olunması məqsədilə sistemli şəkildə təşkil edilir.
Dövlət Proqramının icrası ilə bağlı regional müşavirələrin ölkənin digər
iqtisadi rayonlarında da mərhələli şəkildə keçirilməsi nəzərdə tutulur.