Azərbaycan
Dövlət Aqrar Universitetində (ADAU) Biotexnologiya üzrə Bitkilərin Adaptasiya
Otağının açılış mərasimi keçirilib.
Rektor
Zəfər Qurbanov qeyd edib ki, universitetdə elmi-tədqiqat mühitinin daha da gücləndirilməsi,
innovativ laboratoriyaların yaradılması və biotexnologiya istiqamətində
qabaqcıl təcrübələrin tətbiqi ADAU-nun inkişaf strategiyasının əsasını təşkil
edir. Otaq həm fundamental və tətbiqi elmi araşdırmaların keyfiyyətini yüksəldəcək,
həm də tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına mühüm töhfə verəcək.
“Aqrar
Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə aqrar
sektorun dayanıqlı inkişafı üçün innovativ layihələrin əhəmiyyətinə toxunub. O,
müasir laboratoriya və tədqiqat mühitinin formalaşdırılmasının gələcəkdə rəqabət
qabiliyyətli aqrar mütəxəssislərin hazırlanması və istehsalatda elmi yeniliklərin
tətbiqinə geniş imkanlar açdığını bildirib.
ADAU-nun
Biotexnologiya Mərkəzinin direktoru Ramin Məmmədov yeni otağın laboratoriyada əldə
olunan bitki materiallarının təbii şəraitə uyğunlaşdırılması, onların yaşama
qabiliyyətinin yüksəldilməsi, elmi tədqiqatların genişləndirilməsi və yeni
biotexnoloji yanaşmaların tətbiqi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Bildirilib
ki, bu mərkəz laboratoriya şəraitində yetişdirilən bitki materiallarının xarici
mühitə uyğunlaşdırılması, onların davamlılığının artırılması, seleksiya və
genetik tədqiqatların praktik mərhələyə daşınması baxımından mühüm rol
oynayacaq.
Tədbirdə
aqrar innovasiyaların təşviqinə həsr olunan “AFAQ” layihəsi ilə bağlı
videoçarxın təqdimatı da baş tutub.
Qonaqlar
otaqdakı müasir iş şəraiti, istifadə olunan texnoloji avadanlıqlar, iqlimə nəzarət
sistemləri və elmi eksperimentlərin aparılması üçün yaradılan imkanlarla tanış
olublar.