Home page   /   News

News

COP29: Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunda “Şəhərdən Kəndə” və “AFAQ” layihələrinin təqdimatı keçirilir

16 / 11 / 2024

COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunda 16-17 noyabr tarixlərində “Aqrar tədarük və təchizat” ASC və  “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” və AFAQ layihələri təqdim olunur.

“Şəhərdən kəndə” layihəsinin dəstək göstərdiyi “Sitrus vadisi” və “Tofiqoğlu” bal təsərrüfatında istehsal edilən kənd təsərrüfatı məhsulları stenddə sərgilənir və məhsulların keyfiyyəti barədə yerli və xarici ziyarətçilərə ətraflı məlumat verilir. Həmçinin pavilyonda “Şəhərdən Kəndə” və AFAQ layihələri çərçivəsində dəstək göstərilən fermerlər və onların təsərrüfatları barədə video çarx nümayiş olunur.

Qeyd edək ki, AFAQ - “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” lahiyəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holdinq” in dəstəyi ilə həyata keçirilən layihədir. Layihənin əsas məqsədi qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının, eyni zamanda qadınlar tərəfindən idarə olunan aqrar biznes subyektlərinin sayının artırılmasına və regionlarda sosial-iqtisadi| rifahın yaxşılaşdırılmasına töhfə verməkdir.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə  həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi isə aqroturizmin inkişafı istiqamətində həyata keçirilən sosial layihədir. Layihənin məqsədi aqroturizmi inkişaf etdirmək, fermerlər üçün əlavə gəlir mənbələri yaratmaq və turistlər üçün fərqli istirahət imkanı təqdim etməkdir.