Home page   /   News

News

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxı və İsmayıllıda fermer təsərrüfatlarına dəstək göstərilib

13 / 08 / 2024

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxı və İsmayıllı rayonlarında yerləşən aqroturizm təsərrüfatlarına dəstək göstərilib.

Dəstək tədbirləri zamanı Şamaxı rayonunun Meysəri kəndində yerləşən Sərdar Bayramova məxsus təsərrüfatın abadlaşdırılması istiqamətində işlər görülüb. 0,5 ha ərazisi olan sahədə arıçılıq, meyvəçilik, üzümçülük (6 növ), şərabçılıq və tərəvəzçiliklə məşğul olunur, toyuq-cücə, qaz, ördək saxlanılır. Təsərrüfatda 8 nəfərin gecələməsi, 15 nəfərin qidalanması üçün şərait mövcuddur. Dəstək tədbirləri nəticəsində burada sanitar qovşağı, söhbətgah və manqal tikilib, lazımi avadanlıqlarla təmin edilib.

Dəstək tədbirlərindən yararlanan təsərrüfatlardan biri də İsmayıllı rayonunun Balik kəndində yerləşən Azər Əliyevə məxsus təsərrüfat sahəsidir. Bağçılıq və balıqçılıqla məşğul olunan, toyuq-cücə saxlanılan təsərrüfatın sahəsi 20 ha ərazini əhatə edir. Burada 12 nəfərin gecələməsi və 60 nəfərin qidalanması üçün şərait var. Göstərilən dəstəklər nəticəsində təsərrüfatda uşaqların əylənməsi üçün uşaq oyun meydançası tikilib.

İsmayıllı rayonunun Qalacıq kəndində yerləşən fermer Şahin Əlisultanovun təsərrüfatına da layihə çərçivəsində dəstəklər göstərilib. Əsas fəaliyyəti bağçılıq, arıçılıq və maldarlıq olan təsərrüfatda söhbətgah və sanitar qovşağı tikilib, uşaq oyun meydançası salınıb, rəngli lampalar quraşdırılıb. Turizm keyfiyyətinin yaxşılaşdırılması məqsədilə bağ masa, oturacaqlar və digər ehtiyac duyulan avadanlıqlar ilə təmin edilib. Burada 15 nəfərin gecələməsi və 24 nəfərin qidalanması üçün şərait yaradılıb. Təsərrüfata səfər edən turistlərə arıçılıq sahəsi haqqında ətraflı məlumat verilir, orqanik qidalar təklif olunur.

Qeyd edək ki, təsərrüfat sahibləri layihə çərçivəsində həyata keçirilən “Aqroturizmin əsasları” mövzusunda keçirilən təlimdə iştirak ediblər.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 315 təsərrüfat sahibi iştirak edib. Təsərrüfat sahəsinin inkişaf etdirilməsi və turistlər üçün xidmət səviyyəsinin artırılması məqsədilə 23 təsərrüfatda abadlaşdırma işləri görülüb, müxtəlif avadanlıqlarla təmin edilib.