Home page   /   News

News

“Kənddən Şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb

09 / 03 / 2024

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar olaraq 9-19 mart tarixlərində “Kənddən Şəhərə” yarmarkası təşkil olunur.

Yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

“Kənddən Şəhərə” Novruz yarmarkasında satışa çıxarılan məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunur. Yarmarkada ümumilikdə 25-dək regiondan 50-dən çox fermer iştirak edir. Fermerlər 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında keçirilən  yarmarkada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər.