Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı
Komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu
ildönümü münasibətilə “Zəka” intellektual bilik yarışı keçirilib. Tədbirdə əvvəlcə
ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad olunub.
Yarışda Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarında
çalışan işçilərdən ibarət 14 komanda iştirak edib. Hər komandada 6 nəfərin yer
aldığı bilik yarışı maraqlı və gərgin mübarizə şəraitində keçib.
Nəticədə “Zəka” bilik yarışında KTN-nin Heyvandarlıq Elmi-Tədqiqat
İnstitutunun komandası 1-ci, Aqrar Tədarük və Təchizat ASC-nin komandası 2-ci,
“Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin komandası 3-cü yeri tutub.
Qaliblərin mükafatlandırılma mərasimində KTN-nin Birləşmiş Həmkarlar
İttifaqı Komitəsinin sədri Fuad Məmmədov çıxış edərək Ulu Öndərin əziz xatirəsini
yad edib və aqrar sahədə çalışan əməkdaşlar arasında ilk dəfə keçirilən bu
bilik yarışının ənənəvi olacağını bildirib. Tədbirdə çıxış edən Kənd Təsərrüfatı
Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Süleymanov
ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin
qorunub saxlanılması istiqamətində fəaliyyətindən, aqrar sahənin inkişafında
xidmətlərindən bəhs edib.
Sonda qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.