19-20 iyun
tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ənənəvi “Kənddən Şəhərə” həftəsonu
yarmarkaları keçiriləcək.
Bakı və
Abşeron ərazisində üç fərqli ünvanda təşkil olunacaq yarmarkaların əsas məqsədi
vətəndaşlar üçün təbii və sağlam kənd məhsullarını əlçatan etmək, həmçinin
yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.
Yarmarkalarda
satışa çıxarılacaq kənd təsərrüfatı və qida məhsulları müxtəlif regionlarda fəaliyyət
göstərən yerli fermerlər tərəfindən istehsal olunur və yarmarkalarda da həmin
fermerlərin özləri tərəfindən satışa çıxarılır. Fermerlər yarmarkada iştirak
etmək üçün əvvəlcədən qeydiyyatdan keçirlər. Budəfəki “Kənddən Şəhərə” həftəsonu
yarmarkalarında 40-a yaxın regiondan 100-dən artıq fermer 70-ə yaxın çeşiddə kənd
təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.
Qeyd edək
ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla baş tutacaq.
Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər
avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici
maddələr, əlcək və.) da təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək vətəndaşların
seçiciliklə temperaturları ölçüləcək, tibbi maskadan istifadəyə və sosial məsafənin
gözlənilməsinə xüsusi diqqət yetiriləcək. Həmçinin, yarmarka ərazisində təşkilatçı
qurum tərəfindən mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq.
“Kənddən şəhərə”
yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov
rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi
rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri,
Heydər Əliyev prospekti, 41A