Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik
etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində
ABŞ Dövlət Departamentinin İqtisadiyyat, Energetika və Biznes Məsələləri Bürosu
üzrə Dövlət katibinin köməkçisinin baş müavini Huqo Yon ilə görüş keçirilib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında aqrar sahədə
əməkdaşlıq və hüquq-müqavilə bazasının yaradılması, iqtisadi və ticarət əlaqələrinin
genişləndirilməsi, aqrar sahədə investisiya imkanları, qabaqcıl
texnologiyaların tətbiqi və qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə
olunub.
Nazir Məcnun Məmmədov Azərbaycanın qeyri-neft
sektorunun inkişafında, xüsusilə kənd təsərrüfatında ABŞ şirkətləri ilə əməkdaşlığın
genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, aqrar sahədə
müasir texnologiyaların, süni intellekt əsaslı həllərin və dəqiq əkinçilik
sistemlərinin tətbiqi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, damazlıq
heyvandarlıq və genetik seleksiya istiqamətlərində birgə təşəbbüslərin həyata
keçirilməsi üçün geniş imkanlar mövcuddur.
Məcnun Məmmədov işğaldan azad edilmiş ərazilərdə
kənd təsərrüfatının müasir prinsiplər əsasında qurulması, innovativ
texnologiyaların tətbiqi və yüksək məhsuldarlıqlı təsərrüfat modellərinin
formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Bu
kontekstdə ABŞ-ın qabaqcıl kənd təsərrüfatı texnikası istehsalçısı “John Deere”
şirkəti ilə strateji əməkdaşlığın əhəmiyyəti vurğulanıb. ABŞ şirkətlərinin Azərbaycanda
investisiya layihələrində iştirakı, texnologiya transferi və aqrar sahədə
innovasiyaların tətbiqi üçün əlverişli imkanların olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin kənd təsərrüfatında elmi-tədqiqat
və innovasiya fəaliyyətinin genişləndirilməsi,
aqrar genetika sahəsində təcrübə mübadiləsi, mütəxəssis potensialının gücləndirilməsi
və müasir idarəetmə təcrübələrinin tətbiqi məsələlərinə toxunulub.
Nazir “Azərbaycan Respublikasında kənd təsərrüfatı,
balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin
inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində müəyyən
edilmiş prioritetlər, aqrar investisiyaların təşviqi və özəl sektorun
iştirakının genişləndirilməsi istiqamətində görülən tədbirlər barədə də məlumat
verib.
Tərəflər aqrar sahədə qarşılıqlı maraq doğuran
istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi, ABŞ şirkətlərinin Azərbaycan
bazarında iştirak imkanlarının genişləndirilməsi və mövcud potensialdan səmərəli
istifadə olunmasının vacibliyini qeyd ediblər.