Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun
Məmmədovun Birləşmiş Ştatlara səfəri çərçivəsində Vaşinqtonda ABŞ Ticarət
Palatasında ölkənin aparıcı kənd təsərrüfatı şirkətlərinin iştirakı ilə hibrid
formatda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan və ABŞ arasında kənd təsərrüfatı
sahəsində əməkdaşlığın genişləndirilməsi, investisiya imkanları, müasir
texnologiyaların və süni intellektin aqrar sektorda tətbiqi müzakirə olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən ABŞ
Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti
Cennifer Miel Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının
imzalanmasının Amerika şirkətləri tərəfindən dəstəkləndiyini bildirib. O,
Bakıda keçirilən investisiya forumunda ABŞ şirkətlərinin fəal iştirak etdiyini
xatırladaraq kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatının strateji sahələrindən
biri olduğunu vurğulayıb. Cennifer Miel ABŞ şirkətlərinin müasir
texnologiyalar, kənd təsərrüfatı texnikası, məlumatların təhlili, süni
intellekt və proqnozlaşdırma sahələrində Azərbaycanın aqrar sektorunun
inkişafına töhfə verə biləcəyini qeyd edib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda
aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlar, dövlət
proqramları və qarşıya qoyulan hədəflər barədə məlumat verib. Nazir ekstensiv kənd
təsərrüfatından intensiv kənd təsərrüfatına keçidin, daha az resursdan istifadə
etməklə daha yüksək əlavə dəyərin yaradılmasının və ölkənin ərzaq məhsulları ilə
özünütəminetmə səviyyəsinin yüksəldilməsinin əsas prioritetlərdən olduğunu
bildirib.
Nazir Məcnun Məmmədov aqrar sektorun
dayanıqlı inkişafı üçün müasir infrastrukturun yaradılmasına, innovativ
texnologiyaların tətbiqinə, elmi tədqiqatlara və təhsilə xüsusi önəm
verildiyini diqqətə çatdırıb. O, Azərbaycanın qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsində
və dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Nazir, həmçinin ABŞ-nin kənd təsərrüfatı
texnikası istehsalçısı olan “John Deere” şirkəti ilə strateji tərəfdaşlıq
sazişinin hazırlandığını açıqlayıb. O bildirib ki, nəzərdə tutulan əməkdaşlıq
yalnız kənd təsərrüfatı texnikasını deyil, həm də müasir texnologiyaların tətbiqini
və bütün dəyər zəncirini əhatə edəcək. Məcnun Məmmədov bu tərəfdaşlığın Azərbaycan
hökuməti ilə ABŞ şirkətləri arasında əməkdaşlıq nümunəsinə çevrilə biləcəyini,
Azərbaycanın aqrar sektorun digər istiqamətləri üzrə də analoji əməkdaşlığa
açıq olduğunu qeyd edib.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad
Hüseynov təqdimatla çıxış edərək Azərbaycanın aqrar sektorundakı mövcud vəziyyət,
əsas inkişaf göstəriciləri, investisiya potensialı və inkişaf perspektivləri
barədə məlumat verib.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.