Xəbərlər

"Aqrar Tədarük və Təchizat" ASC-də Zəfər Gününə həsr olunmuş görüş keçirilib

06 / 11 / 2026

8 Noyabr Zəfər Günü münasibətilə "Aqrar Tədarük və Təchizat" ASC-də Cəmiyyətdə çalışan Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.

Tədbir Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Cəmiyyətin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tarixi Zəfərə imza atıb. Sədr qeyd edib ki, Zəfər yolu Şuşanın işğaldan azad edilməsi ilə taclanıb, 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi bütün ərazilərində tam bərpa olunub. Bu tarixi Zəfər xalq-iqtidar və Ordu birliyinin, Ali Baş Komandanla əsgərin vəhdətinin bariz nümunəsidir.

Elgün Məhəmmədəlizadə vurğulayıb ki, bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, Böyük Qayıdış uğurla davam edir. Cəmiyyət də bu prosesə öz töhfəsini verir. Qarabağ və Şərqi Zəngəzurda fermerlərə  dəstək göstərilir, torpaqların yenidən əkin dövriyyəsinə qaytarılmasına və kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasına kömək edilir.

Sədr Cəmiyyətdə çalışan müharibə iştirakçılarına Zəfərə verdikləri töhfəyə görə dərin minnətdarlığını bildirib. O qeyd edib ki, onlar döyüş meydanında olduğu kimi bu gün dinc quruculuq işində də nümunə göstərirlər.

Görüşdə Vətən müharibəsi iştirakçıları keçdikləri döyüş yolu barədə xatirələrini bölüşüblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.