Çində səfərdə olan Azərbaycanın
kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə
Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) Baş direktoru Con
Barkerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə üzümçülük və şərabçılıq
sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər bu sahələrdə
mövcud potensialın daha səmərəli istifadəsi, istehsalçıların dəstəklənməsi və
sektorun dayanıqlı inkişafının təmin edilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Görüş zamanı Azərbaycanda
üzümçülük və şərabçılığın mövcud vəziyyəti, sahənin inkişaf perspektivləri,
yeni üzüm bağlarının salınması, aqrar dəstək mexanizmləri və subsidiyalar,
istehsalın və ixrac imkanlarının genişləndirilməsi, bu sahədə təcrübə mübadiləsi
və digər məsələlər müzakirə edilib.
Qeyd olunub ki, “Azərbaycan
Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının
istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət
Proqramı” çərçivəsində aqrar sahənin rəqabətqabiliyyətliliyinin artırılması,
istehsalın səmərəliliyinin yüksəldilməsi və müasir texnologiyaların tətbiqi əsas
prioritetlərdəndir. Dövlət Proqramında müəyyən edilmiş hədəflər üzümçülük və şərabçılıq
sahələrinin inkişafı, istehsal potensialının gücləndirilməsivə yerli məhsulların
beynəlxalq bazarlarda rəqabət imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyət
daşıyır. Bu istiqamətdə dayanıqlı istehsalın təşviqi, innovasiyaların tətbiqi və
ixrac imkanlarının artırılması xüsusi önəm kəsb edir.
Tərəflər üzümçülük təsərrüfatlarının
inkişafına dövlət dəstəyi, müasir texnologiyaların tətbiqi, şərab istehsalının
artırılması, yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi
istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi
aparıb.
Qeyd edək ki, 1924-cü
ildə yaradılmış Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı bu sahədə qlobal
istinad mənbəyi olan elmi-texniki hökumətlərarası qurumdur. Təşkilatın üzv ölkələri
dünya üzrə üzüm bağlarının 90 faizini, şərab istehsalının 88 faizini,
istehlakının isə 75 faizini əhatə edir. Azərbaycan təşkilatla əməkdaşlığın
genişləndirilməsində maraqlıdır və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri
və ekspertləri OIV-in Baş Assambleyasında, iclaslarında və seminarlarında müntəzəm
iştirak edirlər.