Şamaxıda
keçirilən Üzüm Festivalı çərçivəsində “Merano Wine Fest”in təsisçisi və
prezidenti, “Gourmet’s International” və “The WineHunter” şirkətlərinin səhmdarı
Helmes Koxer (Helmuth Köcher) ilə görüş keçirilib. Görüşdə kənd təsərrüfatı
naziri Məcnun Məmmədov, Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədov,
“Aqrar Tədarük və Təchizat” ASC-nin sədri Elgün Məhəmmədəlizadə, Nazirliyin
Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Pərviz Yusifov iştirak
ediblər.
Görüşdə “Azərbaycan
Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının
istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət
Proqramı”nda aqrar sahənin inkişafı ilə bağlı müəyyən olunmuş hədəflər, Azərbaycan
şərablarının beynəlxalq festivallarda təmsil olunması, yerli şərab məhsullarının
xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, şərabçılığın və
aqroturizmin inkişafı, həmçinin üzümçülük və şərabçılıq sahəsində Azərbaycan-İtaliya
əməkdaşlığının perspektivləri müzakirə olunub.
Azərbaycan şərablarının
“Merano Wine Fest”də təqdim edilməsi, festivalda iştirak edəcək yerli
istehsalçıların və məhsulların müəyyənləşdirilməsi, gələcək festivallarda Azərbaycan
şərablarının daha geniş təmsil olunması məsələləri ətrafında fikir mübadiləsi
aparılıb. Həmçinin, “The WineHunter” platformasının imkanlarından istifadə etməklə
Azərbaycan şərablarının beynəlxalq auditoriyaya təqdim olunması, yerli
istehsalçıların xarici alıcılar, distribütorlar və şərab sənayesinin peşəkar şəbəkələri
ilə əlaqələrinin genişləndirilməsi imkanları nəzərdən keçirilib. Görüşdə kiçik
və butik şərab istehsalçılarının inkişafına göstərilən dəstək barədə də məlumat
verilib. Bildirilib ki, “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata
keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə-kəndli təsərrüfatına,
“Dilbazi” və “Dilboz Wine” şərabçılıq təsərrüfatlarına avadanlıq, qablaşdırma və
satış istiqamətində dəstək göstərilib.
Şamaxı və digər
üzümçülük rayonlarının şərab turizmi potensialının inkişaf etdirilməsi,
İtaliyanın aqroturizm təcrübəsinin öyrənilməsi, eləcə də şərabçılıq sahəsində
mütəxəssis və təcrübə mübadiləsinin təşkili məsələləri də görüşdə müzakirə
olunan mövzular sırasında olub.