“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və
“OBA” marketlər şəbəkəsi arasında meyvə-tərəvəz məhsullarının tədarükünü əhatə
edən əməkdaşlığa başlanılıb. Əsas məqsəd yerli fermerlərin məhsullarının daha
geniş müştəri auditoriyasına çıxışını təmin etmək və onların bazarda əlçatanlığını
artırmaqdır.
Əməkdaşlığın ilk mərhələsində Masallı
rayonunda fəaliyyət göstərən fermerlər tərəfindən yetişdirilən yerli kartof məhsullarının
tədarükü həyata keçirilib. Tədarük olunan məhsullar “Araz” və “OBA” marketlər şəbəkəsində
satışa təqdim olunaraq istehlakçılara çatdırılıb.
Məhsulların fermerlərdən tədarükü “Aqrar Tədarük
və Təchizat” ASC tərəfindən həyata keçirilib. Bu əməkdaşlıq yerli fermer təsərrüfatlarında
istehsal olunan kənd təsərrüfatı məhsullarının müasir pərakəndə satış şəbəkələrinə
çıxış imkanlarının genişləndirilməsinə, eyni zamanda yerli məhsulların
istehlakçılara daha əlçatan şəkildə təqdim edilməsinə imkan yaradır.
Əməkdaşlığın davam etdirilməsi çərçivəsində
digər yerli meyvə-tərəvəz məhsullarının da tədarük və satış prosesinə cəlb
edilməsi nəzərdə tutulur. Bu istiqamətdə yerli istehsalçı və təchizatçılarla əməkdaşlığın
genişləndirilməsi, müxtəlif çeşiddə və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının
şəhər sakinlərinə təqdim olunması planlaşdırılır.