Sentyabrın
12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda növbəti Bal
Festivalı keçirilib.
Festival
IDEA İctimai Birliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin
Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat”
ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş
tutub.
Tədbirdə Azərbaycan
Respublikası Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev,
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov,
Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir
Hacıyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycanda akkreditə
olunmuş diplomatik korpusun nümayəndələri, dövlət qurumlarının məsul şəxsləri,
yerli sakinlər iştirak ediblər.
Tədbirdən əvvəl
nümayəndə heyəti rayon ərazisində aparılan tikinti işləri ilə tanış olublar. Bəşir
Hacıyev Kəlbəcər rayonunda işğaldan azad edildikdən sonra həyata keçirilən
genişmiqyaslı bərpa, quruculuq və abadlıq işləri barədə diplomatik korpusun
nümayəndələrinə ətraflı məlumat verib.
Bildirilib
ki, rayonda müasir infrastrukturun yaradılması, sosial-iqtisadi inkişafın təmin
edilməsi, kənd və şəhərlərin yenidən qurulması, eləcə də əhalinin doğma
torpaqlarına qayıdışının təmin olunması istiqamətində kompleks tədbirlər həyata
keçirilir.
Daha sonra
Dövlət Himninin səsləndirilməsi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda
canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad
olunması ilə festival başlayıb.
Festivalın əsas
məqsədi Azərbaycan balının tanıdılması və coğrafi brendləşmə, yerli arıçıların
dəstəklənməsi, yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi,
həmçinin, Kəlbəcərin tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin
inkişafına töhfə, aqroturizm, ekoturizm və kənd turizminə marağın artırılması,
bölgənin musiqisinin, rəqslərinin, mətbəxinin, milli-mədəni irsin təbliğidir.
Kəlbəcər Bal
Festivalında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından, eləcə də
respublikanın digər bölgələrindən məhsullarını brendləşdirmiş ümumilikdə 34
arıçı fermer iştirak edib. IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər
arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc Arıçı”
layihəsinin iştirakçıları da festivalda məhsullarını sərgiləyiblər. Arıçıların
istehsal etdiyi bal və digər arıçılıq məhsullarının nümayişi, arıçılıq sahəsində
tətbiq olunan innovativ yanaşma və texnologiyalar ziyarətçilər tərəfindən
maraqla qarşılanıb.
Ziyarətçilər,
o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri
arıçı fermerlərin təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsullarına
baxış keçirib, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat
alıblar. Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə fikir
mübadiləsi aparıblar.
Tədbirin rəsmi
açılışında Kəlbəcərə qayıdışla bağlı hazırlanan video çarx nümayiş
etdirilib.
Azərbaycan
Respublikası Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərin
işğal tarixinə toxunub, sakinlərin yaşadığı faciələr, məcburi köçkünlük
ağrılarını və doğma torpaqdan ayrılmağın acısından bəhs edib. O Kəlbəcərin uzun
müddət mühasirədə saxlanıldığını, dinc əhaliyə qarşı amansız cinayətlər törədildiyini
və insanların ağır sınaqlarla üzləşdiyini diqqətə çatdırıb. Prezidentin köməkçisi
bu gün doğma Kəlbəcərə qayıdışın xalqımız üçün böyük qürur və tarixi əhəmiyyət
daşıyan bir hadisə olduğunu vurğulayıb. Hikmət Hacıyev əlavə edib ki, bu gün həmin
ağrılı xatirələrin yerini böyük qürur və sevinc hissi tutur: “Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə biz doğma Kəlbəcərdəyik,
Kəlbəcər yenidən qurulur, dirçəlir və öz tarixi simasını bərpa edərək Azərbaycanın
ən gözəl şəhərlərindən birinə çevrilir”.
Prezidentin
Kəlbəcərdəki Xüsusi Nümayəndəsi Bəşir Hacıyev qeyd edib ki, dövlət başçısının rəhbərliyi
ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır,
yaşayış məntəqələri yenidən qurulur və soydaşlarımız doğma yurdlarına
qayıdırlar. O qeyd edib ki, Kəlbəcərin qədim təsərrüfat ənənələrindən olan
arıçılıq bu gün də inkişaf edir və arıçıların öz məhsullarını Bal Festivalında
təqdim etməsi təqdirəlayiqdir. Bəşir Hacıyev festivalın ənənəvi xarakter alaraq
ildən-ilə genişlənəcəyinə və Kəlbəcərin kənd təsərrüfatı, turizm və iqtisadi
potensialının ölkə daxilində və beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcəyinə
inandığını vurğulayıb.
Kənd Təsərrüfatı
naziri Məcnun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində
kənd təsərrüfatının, o cümlədən Kəlbəcərdə arıçılığın inkişafı üçün geniş
imkanlar yaradılıb. 2026-cı ildə rayon ərazisinə 3 396 fermerə məxsus 148 308
arı ailəsinin mövsümi köçürülməsinə icazə verilməsi arıçılığa marağın göstəricisidir.
Nazir Məcnun Məmmədov əlavə edib ki, Kəlbəcərdə nümayiş olunan məhsullar və
arıçıların zəhməti Azərbaycanda arıçılığın böyük potensiala malik olduğunu göstərir
və əsas hədəf bu potensialı inkişaf etdirərək yerli arıçılıq məhsullarının
keyfiyyət və rəqabət qabiliyyətini artırmaq, Azərbaycan balını beynəlxalq səviyyədə
tanınan milli məhsula çevirməkdir: “İnanıram ki, dövlət dəstəyi və birgə səylər
nəticəsində Azərbaycan balı yaxın illərdə həm daxili, həm də dünya bazarlarında
mövqeyini daha da möhkəmləndirəcək”.
Festival konsert proqramı ilə davam
edib.