Xəbərlər

"Şəhərdən Kəndə" layihəsi çərçivəsində infotur təşkil olunub.

17 / 07 / 2026

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində infotur təşkil olunub. Lerik və Lənkəran rayonlarına təşkil olunan infoturda 15 turizm şirkətinin nümayəndəsi iştirak edib.

İnfoturun ilk dayanacağı Lerik rayonunun Piran kəndində yerləşən “Bal Süfrəsi” təsərrüfatı olub. İştirakçılar arıçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub, göstərilən xidmətlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat alıblar.

Səfərin növbəti dayanacağı Lənkəran rayonunun Şovu kəndində yerləşən Arıçılıq Muzeyi və Vilvan kəndində yerləşən “Leynə Co. Citrus” təsərrüfatı olub. Turizm şirkətlərinin nümayəndələri təsərrüfat sahələrini gəzib, burada yaradılan imkanlarla tanış olublar.

İnfoturun məqsədi layihə çərçivəsində dəstək göstərilmiş təsərrüfatların turizm seqmentində tanıdılması, turizm nümayəndələri ilə təsərrüfat sahibləri arasında əməkdaşlığın inkişaf etdirilməsi və təsərrüfatlara turist axınının artırılmasıdır.