Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən
12 məntəqədə “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq.
Yarmarkaların təşkilində əsas məqsəd bayram
günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək eyni
zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını
təmin etməkdir.
Yarmarkalarda 25 regiondan iştirak edəcək 146
fermer, 145 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata
keçirəcək. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə Nərimanov
rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının yanı)
ünvanında olan yarmarkada hər gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar
Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa
çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın
xidmətlərindən faydalana bilər.
Novruz yarmarkaları 09:00-dan 19:00-dək Bakı şəhəri,
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının
yanı) ünvanı ilə yanaşı, regionlar da daxil olmaqla ümumilikdə 11 əlavə məntəqədə
təşkil ediləcək.
Belə ki, 13–17 mart tarixlərində paytaxtın
müxtəlif ərazilərində – Əhmədli, Neftçilər, Nəriman Nərimanov, Azadlıq
prospekti və Elmlər Akademiyası metrostansiyalarının çıxış hissələrində, eyni
zamanda, regionlarda- Sumqayıt şəhəri (Kimyaçı mədəniyyət sarayının qarşısı),
Xankəndi şəhəri (Tələbə şəhərciyinin yanı), Ağdaş şəhəri Heydər Əliyev
prospekti 541 və Abşeron rayonunun Mehdiabad qəsəbəsində “Qarant” yaşayış
kompleksi ərazisində Novruz bayramı yarmarkaları fəaliyyət göstərəcək.
Bundan əlavə, 16 mart tarixində Cəbrayıl
rayonunun Horovlu kəndində, 17 mart tarixində isə Zəngilan rayonunun Ağalı kəndində
səyyar yarmarkalar təşkil olunacaq.
Qeyd edək ki, keçiriləcək “Kənddən şəhərə”
Novruz yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi
avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqdır.