28 fevral-1 mart tarixlərində Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük
və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” həftəsonu
yarmarkası keçiriləcək.
Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin
məhsullarının bazara çıxışını dəstəkləmək eyni zamanda şəhər sakinlərinin təbii,
yerli və sağlam kənd məhsullarına əlçatanlığını təmin etməkdir.
Yarmarkada 24 regiondan iştirak edəcək 51 fermer
145-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata
keçirəcəklər.
Burada satışa çıxarılacaq məhsulların keyfiyyətinə
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, məhsulların
keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət
göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verə bilərlər.
Yarmarka 2 gün müddətində 9:00-dan 19:00-dək Nərimanov
rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı)
ünvanında təşkil olunacaq.
Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.