Xəbərlər

25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır

17 / 10 / 2025

Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən  “Aqrar Tədarük və Təchizat” ASC-nin birgə təşkilatçılığı, Azərbaycan Arıçılar Assosiasiyasının tərəfdaşlığı ilə 18 oktyabr – 9 noyabr tarixlərində 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayacaq.

Yarmarkada bu il 43 regiondan 280-dən çox fermer iştirak edəcək. İştirakçılara yerlər fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada ayrılacaq. Onu da vurğulayaq ki, qeydiyyat prosesi 5–7 sentyabr tarixlərində bal.kendden.az portalı üzərindən onlayn qaydada həyata keçirilib. Yarmarkaya yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2025-ci il sentyabrın 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatını bəyan etmiş fermerlər qəbul edilib. Və yarmarkada ümumilikdə 100 tondan çox bal və 15-dən artıq müxtəlif növ arıçılıq məhsulu satışa çıxarılacaq.

Onu da qeyd edək ki, satışa çıxarılan bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nümunə götürülərək laboratoriyada analiz olunub. Keyfiyyət və qida təhlükəsizliyi standartlarına cavab verməyən məhsullar isə satışa buraxılmayıb.

Yarmarkada bu il  bir sıra yeniliklər də tətbiq olunacaq. Belə ki, “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən  fermerlərə satış zamanı ödənişsiz  qablaşdırma və brendləşmə dəstəyi göstəriləcək.  

Beləliklə, ənənəvi yarmarka hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında  “Gənclik” metro stansiyasının yaxınlığında fəaliyyət göstərəcək.