Avqustun
30-31 tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən
“Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən
Şəhərə” yarmarkası keçiriləcək.
Ənənəvi
olaraq təşkil olunan bu yarmarka həm yerli fermerlərin satış imkanlarının
genişləndirilməsini, həm də şəhər sakinlərinin sağlam və təbii məhsullarla təmin
olunmasını hədəfləyir.
Tədbirdə
ölkənin müxtəlif bölgələrindən təxminən 20 regiondan 35-ə yaxın fermer iştirak
edəcək. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu şəhər
sakinlərinə birbaşa təqdim edəcəklər.
Məhsulların
təhlükəsizliyinə və keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət
edəcək. Hər hansı sualı olan alıcılar isə ərazidə fəaliyyət göstərəcək Səyyar
Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları yerindəcə analiz etdirə biləcəklər.
Yarmarka
saat 09:00-dan 19:00-dək, iki gün ərzində Nərimanov rayonu, Fətəli xan Xoyski
küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.
Qeyd
edək ki, iştirak edən fermerlərə piştaxtalar, tərəzilər və digər vacib
avadanlıqlar ödənişsiz şəkildə təqdim olunur.