Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük
və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə
25-ci Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası
baş tutacaq. Yarmarka 18 oktyabr – 9 noyabr tarixlərində Nərimanov rayonu, “Gənclik”
m/st-nın çıxışı, “Atatürk” parkının qarşısında təşkil olunacaq. Bal
Yarmarkasında iştirak etmək istəyən arıçılar 5 sentyabr saat 11:00-dan 7
sentyabr saat 23:59-dək bal.kendden.az portalı üzərindən
onlayn qaydada müraciət edə biləcəklər. Qeydiyyat yalnız Elektron Kənd Təsərrüfatı
İnformasiya Sistemində (EKTİS) 2025-ci il sentyabr ayının 1-dək minimum 40 arı
ailəsi ilə təsərrüfatlarını bəyan etmiş fermerlər üçün açıq olacaq. Yarmarkada
iştirak hüququ qazanmış arıçılara isə SMS vasitəsilə məlumat veriləcək. Onu da
vurğulayaq ki, məhsulların qəbulu 25 sentyabr – 6 oktyabr tarixlərində həyata
keçiriləcək. Bu müddətdə bal nümunələri Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyinin ( AQTA) əməkdaşları tərəfindən yerində götürüləcək və analiz ediləcək.
Nəticələr isə 1 – 11 oktyabr tarixlərində fermerlərə SMS və ya zəng vasitəsilə
çatdırılacaq. Onu da bildirək ki, Bal Yarmarkasında yalnız keyfiyyət
standartlarına cavab verən məhsullar satışa buraxılacaq.
Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı
satışa çıxara bilər. Bu il arıçıların gətirdikləri məhsullardan diastaza ilə
yanaşı saxaroza nümunələri də götürüləcək. Keçid meyarları isə standartlara
uyğun olaraq qəbul ediləcək.
Qeyd edək ki, yarmarkaya müraciət və analizlər ödənişli şəkildə həyata
keçiriləcək. Yarmarkada iştirak edən arıçılar yeni qablaşdırma, satış yeri,
lazımi ləvazimatlar, marketinq və PR dəstəyi və digər zəruri xidmətlərlə təmin
olunacaqlar. Beləliklə, Bal Yarmarkası yalnız məhsulların satış və sərgi
platforması deyil, həm də istehlakçıların birbaşa arıçılardan yalnız təbii,
keyfiyyətli və etibarlı bal məhsulları əldə edə biləcəkləri ənənəvi görüş məkanı
olacaq.