Azərbaycan milli mətbuatının 150 illik
yubileyi münasibətilə Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat”
Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Qəbələ, Şəki və Zaqatala rayonlarına
mediatur təşkil olunub. Tur çərçivəsində media nümayəndələri “Şəhərdən kəndə”
layihəsi əsasında dəstək göstərilən yerli təsərrüfatlara baş çəkib, aqroturizm
təsərrüfatlarında görülən işlərlə yaxından tanış olublar.
Mediatur kütləvi informasiya vasitələri nümayəndələrinə
aqrar sahədə tətbiq edilən yenilikləri və yerli istehsal prosesini nümayiş
etdirmək, regionlarda aqroturizm təsərrüfatlarını tanıtmaq, fermerlərin gündəlik
fəaliyyəti ilə tanış etmək məqsədilə təşkil olunub.
Tur zamanı jurnalistlər Qəbələdə yerləşən
“Tofiqoğlu” arıçılıq təsərrüfatı, Şəkinin Öryət kəndindəki “Bio Garden”
aqroturizm mərkəzi, daha sonra isə Zaqatalada fəaliyyət göstərən “Eko Zaqatala”
ailə təsərrüfatlarının fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar.
Eyni zamanda, media nümayəndələrinə arıçılıq,
bağçılıq, heyvandarlıq və aqroturizm sahələrində görülən işlər, istehsal
prosesi və əldə edilən nəticələr barədə də ətraflı məlumatlar təqdim
edilib.
Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC
tərəfindən həyata keçirilən bu cür təşəbbüslərin əsas məqsədi ölkəmizdə kənd təsərrüfatının
potensialını nümayiş etdirməklə yanaşı, cəmiyyətin diqqətini yerli istehsala
yönəltmək və fermerlərin əməyi barədə maarifləndirici məlumatlar təqdim etmək,
həmçinin, ictimaiyyəti kənd təsərrüfatı sahəsində aparılan işlər barədə dolğun
məlumatlandırmaqdır.