Xəbərlər

İyunun 1-dən “tedaruk.az” portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsinə başlanır

31 / 05 / 2024

İyunun 1-dən qanunvericiliyə uyğun olaraq ərzaq məhsullarını (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alan dövlət müəssisə və təşkilatlarının növbəti il üzrə tələbatlarının elektron portalda yerləşdirilməsinə başlanılacaq.

Satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə məlumatları (məhsulun adı, növü, miqdarı, çatdırılma ünvanı, dövriliyi və tezliyi və s.) iyun ayının 1-dən iyul ayının 1-dək “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında (tedaruk.az) yerləşdirməlidirlər.

Elektron portal (tedaruk.az) dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri) ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır.

Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir.