Xəbərlər

Kənd təsərrüfatı məhsullarını Avropa və Ərəb ölkələrinə ixrac etmək məqsədilə 105 fermerə təlim keçirilib

14 / 12 / 2023

“Aqrar tədarük və təchizat” ASC tərəfindən kənd təsərrüfatı məhsullarının ixracına dəstək və meyvə-tərəvəz istehsalçılarının bu istiqamətdə maarifləndirilməsini təmin etmək məqsədilə “İxracın təşviqi” üzrə təlimlər keçirilib.

Təlimlər bu istiqamətdə üstün potensiala malik olan cənub, şimal-qərb, şimal, aran və qərb regionları olmaqla, Cəlilabad, Zaqatala, Xaçmaz, Göyçay və Şəmkir bölgələrinindən olan fermerləri əhatə edib. Ümumilikdə təlimlərdə cənub zonası üzrə 26, şimal-qərb zonası üzrə 23, şimal zonası üzrə 25, aran zonası üzrə 14 və qərb zonası üzrə 17 iştirakçı olmaqla, ümumilikdə 105 ixrac potensiallı fermer iştirak edib.

Təlimlər əsasən Avropa və Ərəb ölkələrinə meyvə-tərəvəz məhsullarının ixracına istiqamətlənib və iştirakçılara sifarişçinin tapılması, idxalçı ölkə üzrə tələblərin müəyyənləşdirilməsi, logistika şərtləri, tərəflər arasında müqavilənin imzalanması, gömrük rəsmiləşməsi, təhvil-təslim aktı və ödəniş qaydaları haqqında ətraflı məlumat verilib. 

Qeyd edək ki, təlimlər “Sitrus meyvəçiliyinin inkişafına dair (2018-2025)”  və “Regionların sosial-iqtisadi inkişafı (2019-2023)” dövlət proqramlarında qeyd edilən sitrus meyvə istehsalçılarının yerli və beynəlxalq bazarlarda marketinq fəaliyyətinin dəstəklənməsinə imkan yaradacaq. Həmçinin  sitrus meyvələri ixracının təşviqi və kənd təsərrüfatı istehsalçılarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı sahibkarlar arasında maarifləndirici tədbirlərin davam etdirilməsinə dəstək olacaq. 

Marketinq və dizayn dəstəyi üçün müraciət edəcək meyvə-tərəvəz ixracatçılarına “Aqrar tədarük və təchizat” ASC tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur.