Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
“PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan
Qadınları (AFAQ) layihəsi çərçivəsində qadın fermerlərə göstərilən dəstək tədbirləri
davam edir.
Təsərrüfatlarının inkişafı üçün dəstək
göstərilən fermerlərlə Ağdam rayonunda görüş keçirilib. Görüşdə Ağdam rayon
icra hakimiyyətinin başçısı Vaqif Həsənov, Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil
Quliyev və qadın fermerlər iştirak ediblər.
Görüşdə çıxış edən nümayəndələr
AFAQ layihəsinin regionlarda aqrar məşğulluğun artırılması, qadın fermerlərin
aqrar fəaliyyətə təşviqi və ailə təsərrüfatlarının inkişafında mühüm rolu
olduğunu vurğulayıblar. Bildirilib ki, layihə çərçivəsində göstərilən dəstək
qadın fermerlərin işini stimullaşdırır və onların daha çox gəlir əldə etməsinə
imkan yaradır.
Xatırladaq ki, layihə çərçivəsində
Ağdam, Bərdə, Ağcabədi, Beyləqan regionlarında “Xarici cins südlük heyvanların
saxlanılması” mövzusunda 200-dən çox fermer üçün təlimlər keçirilib. Ağdam Dövlət
Aqrar İnkişaf Mərkəzində xarici cins almaq istəyən fermerlərlə görüşlər təşkil
edilib, xidmətlər barədə fermerlərin sualları cavablandırılıb. Ağdam rayonunun
Mahrızlı, Nəmirli, Qaradağlı, Rzalar, Xındırıstan, Zəngişalı kəndlərində və
Dörd yol qəsəbəsində yaşayan və təlimlərdən uğurla keçən 12 fermer 22 xarici
cins heyvanların alınması ilə bağlı müraciət edib. Müraciətlər aidiyyatı üzrə
qurumlara yönləndirildikdən sonra damazlıq heyvanların güzəştli satışı həyata
keçirilib.
Qadın fermerlər əvvəlcədən
aparılan qiymətləndirmə sorğularına əsasən təsərrüfatlarının ehtiyacları üzrə kənd
təsərrüfatı avadanlıqları (12 ədəd havalandırma sistemi, 4 ədəd süd sağan
aparat, 12 ədəd ot doğrayan aparat, 22 ədəd heyvanlar üçün xüsusi döşəklər) ilə
təmin olunublar. Həmçinin, 1 il müddətində həmin fermerlərə ödənişsiz
baytarlıq, təcili tibbi baytarlıq xidmətləri göstəriləcək və heyvandarlıq təsərrüfatları
2 aylıq qüvvəli yem ilə təmin olunacaqlar.
Qeyd edək ki, bugünədək layihəyə
1350-yə yaxın müraciət daxil olub, layihənin şərtlərinə cavab verən 286 müraciətçinin
təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə
cavab verən ümumilikdə 189 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və
aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində 388 qadın fermer nəzəri və
praktiki təlimlərdə iştirak edib.