Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar
Assosiasiyasının birgə təşkilatçılığı ilə 1 oktyabr tarixindən etibarən Nərimanov
rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının
yaxınlığı) arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə
başlayacaq.
Yarmarkaya hazırlıq işləri artıq yekunlaşıb və qeydiyyatı təsdiqlənmiş
arıçıların bal və digər arıçılıq məhsullarının “Aqrar Tədarük və Təchizat”
ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarından Sərgi-Satış
Yarmarkasının keçiriləcəyi ünvana daşınması prosesi başa çatıb.
Qeydiyyatı təsdiqlənmiş arıçılar məhsullarını anbara təhvil
veriblər. Anbara təhvil verilən balın və digər arıçılıq məhsullarının ümumi həcmi
120 tona yaxındır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən
arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr
götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida
təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa
buraxılmayacaq.
Xatırladaq ki, yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi
ilə 29 avqust saat 00:00-dan 31 avqust saat 23:59-dək həyata keçirilib.
Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun
olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb. Bu il keçiriləcək
yarmarkada növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edəcək.
Yarmarkada iştirak üçün hər bir arıçıya Elektron Kənd Təsərrüfatı
İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq
minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Yarmarkada yalnız COVID-19
pasportuna malik arıçılar iştirak edəcəklər. Hər arıçı yarmarkaya maksimum 400
kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara biləcək.
Vətəndaşlar 1-20 oktyabr tarixlərində hər gün saat 09:00-dan
19:00-dək yarmarkaya gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri
yüksək olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.