
Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar
Assosiasiyasının birgə təşkilatçılığı ilə 1-20 oktyabr tarixlərində arıçılıq məhsullarının
22-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Yarmarka Nərimanov rayonu,
Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı)
baş tutacaq. Yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan
Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək.
Yarmarkada yalnız COVID-19 pasportuna malik arıçılar iştirak edə
biləcəklər. Arıçı fermerlər iştirak üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat prosesi bal.kendden.az saytı vasitəsi ilə onlayn qaydada həyata
keçiriləcək. Arıçılar sayta daxil olaraq müvafiq xanalar üzrə şəxsi məlumatlarını
və təsərrüfatları barədə məlumatları qeyd etməlidirlər. Yarmarkada iştirak etmək
istəyən arıçılar 29 avqust saat 00:00-dan 31 avqust saat 23:59-dək qeydiyyatdan
keçməlidirlər. Qeydiyyatı təsdiqlənmiş arıçılara 5 sentyabr tarixində
SMS-bildirişlər göndəriləcək, onlara məhsullarını gətirməli olduqları tarix barədə
məlumat veriləcək.
Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı
sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılacaq. Builki
Bal yarmarkasında növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş maksimum 250
arıçı iştirak edəcək. Yarmarkada iştirak üçün hər bir arıçının Elektron Kənd Təsərrüfatı
İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq
minimum 40 arı ailəsi olmalıdır. Bir arıçı yarmarkada maksimum 400 kq bal və
maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.
Bal nümunələrinin qəbulu 8-15 sentyabr tarixləri arasında “Aqrar Tədarük
və Təchizat” ASC-nin Xocahəsən yolu, 57 (Meyvəli bazarı) ünvanında yerləşən
anbarında baş tutacaq. Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 AZN-dir.
Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın
marketinq işlərinin aparılması, loqistika, anbar işinin təşkili və digər xidmətlər
daxildir.
Bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət yoxlanışı
üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən
istehsalçının iştirakı ilə nümunələr götürüləcək. Yarmarkada satışına icazə
veriləcək arıçılıq nümunələrinin diastaza ədədi dövlətlərarası standartlara (ГОСТ) uyğun müəyyən
olunacaq. Analiz üçün götürülmüş nümunələrin nəticələri 3 gündən gec olmayaraq
təşkilat komitəsinə bildiriləcək. Keyfiyyət yoxlanışının nəticələri
standartlara uyğun olmayan arıçılıq məhsullarının satışına icazə verilməyəcək.