Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
ordumuzun Vətən torpaqlarını işğaldan azad etməsi və Azərbaycanın möhtəşəm qələbəsi
ilə nəticələnən 44 günlük Vətən müharibəsində Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin 7 əməkdaşı iştirak edib.
ASC-nin Hüquq departamentinin əməkdaşı Ağadadaş Dadaşzadə,
İnzibati işlər departamentinin əməkdaşı Səbuhi Novruzlu, Logistika və anbar
departamentinin əməkdaşı Nurlan Alxazov, Masallı regional idarəsinin əməkdaşı
Vüsal Əliyev, Kürdəmir regional idarəsinin əməkdaşı Samir Həsənov, Tovuz
regional idarəsinin əməkdaşı Bayraməli Məmmədov və Şamaxı regional idarəsinin əməkdaşı
Asim Cəbrayılov cəbhənin müxtəlif istiqamətlərində gedən döyüş əməliyyatlarında
fəal iştirak edərək Vətən borclarını layiqincə yerinə yetirib, nümunəvi xidmətləri
ilə fərqləniblər.
Əməkdaşlarımızdan bir qrupu Azərbaycan Respublikası
Prezidentinin müvafiq Sərəncamları ilə “Ağdamın azad olunmasına görə”,“Şuşanın
azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad
olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına
görə” medalları ilə təltif olunub.
Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qoşulan,
torpaqlarımızın işğaldan azad edilməsində fəal iştirak edən əməkdaşlarımız təhkim
olunduqları hərbi hissələrdən tərxis olunaraq evlərinə qayıdıb.
Aqrar Tədarük və Təchizat ASC-nin kollektivi ordudan tərxis
olunan və mülki həyata qayıdan iş yoldaşlarını böyük coşqu ilə qarşılayıblar.
Əvvəlcə Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himni səsləndirilib.
Görüşdə çıxış edən müharibə iştirakçıları Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata
keçirdiyi hərbi əməliyyatlara qatılaraq, doğma yurd yerlərimizin düşməndən azad
edilməsində iştirak etdiklərinə görə şərəf və fəxr hissi keçirdiklərini
bildiriblər.
Sonra Vətən müharibəsi iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.