Xəbərlər

AFAQ və “Şəhərdən Kəndə” layihələri çərçivəsində fəaliyyətlər davam etdirilir

24 / 06 / 2020

Dünyada və ölkəmizdə yayılmaqda olan koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-nin həyata keçirdiyi layihələrin icrası davam etdirilir. Layihələr çərçivəsində görülən bütün fəaliyyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara müvafiq olaraq, karantin şərtlərinə uyğun şəkildə həyata keçirilir. 

Qeyd edək ki, ATT nümayəndələri tərəfindən 1-4 iyun tarixlərində İsmayıllıda AFAQ layihəsinə müraciət edən, 17-18 iyun tarixlərində isə Şamaxıda AFAQ və “Şəhərdən Kəndə” layihələrinə müraciət edən fermerlərlə görüşlər keçirilib. Görüşlər İsmayıllı rayonunun Sumağallı, Göytəpə, Kürdmaşı, Topçu, Şamaxı rayonunun isə Meysəri, Məlikçobanlı, Göylər, Qaladərəsi, Mirikənd kəndlərini və Şəhriyar qəsəbəsini əhatə edib. Ümumilikdə İsmayıllı rayonunda 33, Şamaxı rayonunda isə 8 qadın fermerlə görüş baş tutub. Həmçinin Şamaxı rayonunda fəaliyyət göstərən və “Şəhərdən Kəndə” layihəsinə müraciət edən 7 fermer təsərrüfatı sahibi ilə görüşülüb. Görüşlərdə fermerlərin təsərrüfat ehtiyaclarının qiymətləndirilməsi məqsədilə sorğular aparılıb və təsərrüfatlara baxış keçirilib. 

Həmçinin, layihələrin icrası iqtiqamətində fermerlərlə və layihənin tərəfdaşları ilə cari ay ərzində bir neçə onlayn görüş baş tutub. Belə ki, 5 iyun tarixində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun, ATT və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndələrinin iştirakı ilə AFAQ layihəsi çərçivəsində tərəfdaşlıq imkanlarının müzakirə olunması məqsədi ilə onlayn görüş keçirilib. 11 iyun tarixində isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun, Şamaxı DAİM-in direktorunun, ATT və Regional İnkişaf İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə daha bir onlayn görüş baş tutub. Bu görüşdə AFAQ, eləcə də “Şəhərdən Kəndə” layihələrinin fəaliyyətindəki hazırki mərhələ və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.  

Qeyd edək ki, AFAQ layihəsi “FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı” çərçivəsində “Aqrar Tədarük və Təchizat” ASC, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və “Paşa Holdinq”-in birgə əməkdaşlığı ilə həyata keçirilir.