Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət
göstərən "Aqrar Tədarük və Təchizat" ASC və Azərbaycan Arıçılar
Assosiasiyasının birgə təşkilatçılığı ilə 27 noyabr – 11 dekabr tarixlərində
26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası
keçirilir.
Nəsimi rayonunda, Heydər Əliyev adına
İdman-Konsert Kompleksinin 5-ci girişində təşkil olunan yarmarkada ölkənin 52
regionundan 270 arıçı fermer iştirak edir.
İştirakçılar növbəlilik prinsipi əsasında,
ilk qeydiyyatdan keçən arıçılar arasından seçilib. Əsas tələblər təsərrüfatın
2026-cı il sentyabrın 1-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində
(EKTİS) bəyan edilməsi və ən azı 40 arı ailəsinin olması olub.
Satış yerləri hər rayondan olan arıçıların
sayına uyğun olaraq proporsional qaydada bölüşdürülüb. Ümumilikdə yarmarkada
100 tondan çox bal və 18 növ arıçılıq məhsulunun satışa çıxarılması nəzərdə
tutulur.
İstehlakçıların keyfiyyətli və təhlükəsiz məhsullarla
təmin olunması üçün məhsulların keyfiyyətinə xüsusi nəzarət edilir. Satışa
çıxarılacaq bütün məhsullardan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
tərəfindən nümunələr götürülərək laborator müayinələr aparılıb. Keyfiyyət və
qida təhlükəsizliyi tələblərinə cavab verməyən məhsulların satışına icazə
verilməyib.
Yarmarkada iştirak arıçılar üçün ödənişsizdir.
Hər iştirakçı ən çoxu 450 kq bal (qablaşdırma daxil olmaqla) və 30 ədəd arı
şanı satışa çıxara bilər. Arıçılar satış yerləri, lazımi ləvazimatlar,
marketinq və digər xidmətlərlə təmin olunub.
"Aqrar Tədarük və Təchizat" Açıq
Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Elgün Məmmədəlizadə jurnalistlərə
açıqlamasında bildirib ki, bal yarmarkalarında işğaldan azad edilmiş ərazilərdən
olan fermerlərin iştirakı artıq ənənəyə çevrilib: "İşğaldan azad edilmiş ərazilərdən
olan 15-ə yaxın arıçı fermer keçən il yarmarkada iştirak edərək, məhsullarını
satışa çıxarıb. Bu il isə bu say daha da artıb. Təkcə Şərqi Zəngəzur iqtisadi
rayonundan 17, ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdən 26 fermerin 10
tona yaxın məhsulu satışa təqdim edilib".
Qeyd edək ki, yarmarka 11 dekabradək hər gün saat 09:00-dan 20:00-dək fəaliyyət göstərəcək.