Birləşmiş
Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı
Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Bu gün innovasiya
et, sabahın qidasını təmin et” şüarı altında Ümumdünya Ərzaq Gününə həsr
olunmuş tədbir keçirilib. Tədbir dayanıqlı ərzaq sistemlərinin qurulmasında və ərzaq
təhlükəsizliyinin təmin edilməsində innovasiyanın roluna həsr olunub.
ADA
Universitetinin prorektoru Fariz İsmayılzadə “Ümumdünya Ərzaq Günü 2026” tədbirinin
aqrar sahədə fikir və təcrübə mübadiləsi, eləcə də yeni əməkdaşlıq imkanlarının
müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. O, bu cür platformaların müxtəlif
tərəflər arasında əlaqələrin möhkəmləndirilməsinə və kənd təsərrüfatının gələcək
inkişafına dair təşəbbüslərin təşviqinə imkan yaratdığını bildirib.
Kənd
təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, müasir dövrdə kənd təsərrüfatı ənənəvi
istehsal sahəsi olmaqla yanaşı, elmin, innovativ texnologiyaların, məlumatların,
maliyyə imkanlarının və səmərəli idarəetmənin vəhdət təşkil etdiyi mühüm
iqtisadi fəaliyyət sahəsidir.
Nazir
qeyd edib ki, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və
akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair
2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun növbəti inkişaf mərhələsinin
strateji istiqamətlərini müəyyən edir. Proqramda resurslardan səmərəli istifadə,
rəqəmsallaşma, rəqabətqabiliyyətli və iqlimə davamlı məhsul istehsalı, eləcə də
yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığın inkişafı prioritet
istiqamətlər kimi müəyyənləşdirilib. Bu hədəflərə çatmaqda innovasiyaların,
süni intellektin, məlumatlara əsaslanan təhlil və erkən xəbərdarlıq sistemlərinin
tətbiqi mühüm əhəmiyyət daşıyır. Azərbaycan aqrar sektorun inkişafına məhz bu
yanaşma ilə istiqamət verir.
Qida
Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli son illərdə Azərbaycanda qida
təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər və əldə edilən nəticələrdən
danışıb. Əldə edilən nailiyətlərlə yanaşı,
qarşıda mühüm hədəflərin olduğun deyən Qoşqar Təhməzli aqrar və qida təhlükəsizliyi
sahələrində ixtisaslı kadrlara ehtiyac duyulduğunu, ADA Universitetinin Kənd Təsərrüfatı
və Qida Elmləri fakültəsinin fəaliyyətinin mühüm olduğunu diqqətə çatdırıb.
Milli
Məclisin deputatı və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu
Nigar Arpadarai ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatının
roluna toxunub. Bildirib ki, ölkəmiz aqrar sahədə məhsuldarlığın artırılması ilə
yanaşı, təbii resurslardan səmərəli istifadə edilməsinə və iqlim dəyişiklikləri
ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığa, bununla bağlı irəli sürülən təşəbbüslərə
qoşularaq zəruri tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirir.
FAO-nun
Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat kənd təsərrüfatında su
ehtiyatlarından səmərəli istifadə, iqlim dəyişikliklərinə uyğunlaşma və məhsul
itkilərinin azaldılmasının vacibliyini vurğulayıb. O, innovativ yanaşmaların tətbiqinin
kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, istehsal xərclərinin
azaldılmasına və fermerlərin bazarlara çıxış imkanlarının genişləndirilməsinə
töhfə verdiyini qeyd edib.
ADA
Universitetinin tələbələri də ərzaq və kənd təsərrüfatının gələcəyinin
formalaşdırılmasında gənclərin rolunu vurğulayıblar.
Tədbir
çərçivəsində FAO-nun “Kəndlərin tanınması təşəbbüsü” çərçivəsində dörd kəndə
sertifikatlar təqdim olunub. Sertifikatlar həmin kəndlərin dayanıqlı kənd təsərrüfatının
inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, icma rifahının yüksəldilməsi,
innovasiyaların tətbiqi və kənd yerlərinin dayanıqlılığının artırılması istiqamətində
səylərini əks etdirir.
Proqram
çərçivəsində “Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi
üçün imkanlar” mövzusunda panel müzakirəsi də təşkil edilib. Müzakirələrdə Azərbaycanın
qida sənayesinin inkişafı, ərzaq təhlükəsizliyinin və məhsul keyfiyyətinin
yaxşılaşdırılması, eləcə də yerli istehsalçıların daha geniş bazarlara çıxış
imkanlarının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd
edəki, Ümumdünya Ərzaq Günü hər il oktyabrın 16-da FAO-nun 1945-ci ildə təsis
olunmasının ildönümü münasibətilə qeyd edilir. Bu ilin mövzusu elmi nailiyyətlərin,
rəqəmsal texnologiyaların və ənənəvi biliklərin aqroərzaq sistemlərinin daha səmərəli,
inklüziv və dayanıqlı olmasına verdiyi töhfələrə diqqət çəkir. Ümumdünya Ərzaq
Günü FAO-nun “Dörd daha yaxşı” prioritetinə uyğun olaraq ərzaq və kənd təsərrüfatı
sistemlərinin təkmilləşdirilməsinin, qidalanmanın yaxşılaşdırılmasının, ətraf
mühitin qorunmasının və insanların rifahının yüksəldilməsinin vacibliyini diqqətə
çatdırır.