Pekində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi ilə Çin Xalq Respublikasının Kənd Təsərrüfatı və Kənd İşləri
Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Çində səfərdə olan Azərbaycanın
kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Çinin kənd təsərrüfatı və kənd işləri
naziri Can Cu imzalayıb.
Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın
istiqamətləri öz əksini tapıb. Sənəddə birgə investisiya layihələrinin həyata
keçirilməsi, torpaq ehtiyatlarından səmərəli istifadə və texnologiyaların
transferi, biznes subyektləri arasında əlaqələrin inkişaf etdirilməsi, eləcə də
ixrac imkanları barədə məlumat mübadiləsi yolu ilə ticarət əlaqələrinin genişləndirilməsi
öz əksini tapıb. Bununla yanaşı, Memorandum kənd təsərrüfatının rəqəmsallaşdırılması,
kənd təsərrüfatı məhsullarının sığortalanması sahəsində təcrübə mübadiləsi,
birgə tədqiqatların aparılması və potensialın artırılması istiqamətlərində əməkdaşlığı
əhatə edir. Sənəddə nəzərdə tutulan tədbirlərin səmərəli icrasını təmin etmək məqsədilə
Fəaliyyət Planının hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi üçün
Birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulur.
İmzalanmadan əvvəl keçirilən görüşdə nazirlər
Azərbaycan Prezidenti İlham Əliyevin və ÇXR Sədri Si Cinpinin siyasi iradəsi və
rəhbərliyi ilə iki ölkə münasibətlərinin dinamik inkişaf etdiyini qeyd ediblər.
Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin aprelində Çinə
dövlət səfəri zamanı aparılan danışıqlar nəticəsində qəbul olunan qərarlar,
imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası
arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə
Bəyanat” Azərbaycan-Çin münasibətlərində daha bir yeni tarixi səhifə açıb. İki
ölkənin qurumları dövlət başçılarının ikitərəfli münasibətlərin inkişafı ilə
bağlı tapşırıqlarına uyğun olaraq müvafiq işlər görür. Bu konteksdə kənd təsərrüfatı
sahəsində əməkdşalığın irəli aparılmasının hər iki ölkə üçün faydalı olacağına əminlik
ifadə edilib.
Azərbaycan ilə Çinin dost və tərəfdaş dövlətlər
olduğunu bildirən Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu iki ölkənin
kənd təsərrüfatının müxtəlif istiqamətləri, o cümlədən, pambıqçılıq, üzümçülük,
şərabçılıq, müasir texnologiyalar və elmi-tədqiqatlar üzrə əməkdaşlığı genişləndirmək
üçün böyük potensialın olduğunu vurğulayıb. O, Çinin Azərbaycanla kənd təsərrüfatı
və emal olunmuş məhsullar üzrə ticarət dövriyyəsini artırmaq istədiyini, Azərbaycandan
Çinə məhsul ixracının çoxalmasını təmin etmək məqsədilə Azərbaycan şirkətlərinin
Çində keçirilən sərgi və yarmarkalarda daha fəal iştirakının əhəmiyyətli
olduğunu vurğulayıb.
Çinli nazir iki ölkənin kənd təsərrüfatı
nazirlikləri arasında Anlaşma Memorandumunun imzalanmasının müvafiq sahədə əməkdaşlığın
dərinləşməsini təmin edəcəyinə əminliyini ifadə edib.
Azərbaycanda
kənd təsərrüfatı sektorunda görülən işlər və əldə olunan uğurlar barədə məlumat
verən nazir Məcnun Məmmədov ölkəmizdə aqrar sahənin müasir çağırışlara uyğun
inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli istehsalın
genişləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində
ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini deyib. Əlavə edib ki,
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının
istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət
Proqramı”nda aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi, intensiv və rəqabətqabiliyyətli
istehsal modelinə keçidin sürətləndirilməsi prioritetlər kimi müəyyənləşdirilib
Nazir Məcnun
Məmmədov iki ölkə arasında kənd təsərrüfatı və emal olunmuş qida məhsulları üzrə
ticarət əlaqələrinə toxunub, cari ilin 7 ayında ticarət dövriyyəsinin 37,9
milyon ABŞ dolları təşkil etdiyini, Çindən idxalın 25,5 faiz artdığını, Azərbaycandan
bu ölkəyə ixracın isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 102,4 faiz
çoxaldığını deyib. O, Azərbaycanın artan istehsal potensialını nəzərə alaraq,
bu sektorda ticarət əlaqələrinin daha da inkişafı və şaxələndirilməsi üçün
böyük imkanların olduğunu vurğulayıb, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi
ilə yanaşı, ticarət dövriyyəsinin artırılması imkanlarını birgə araşdırmaq məqsədilə
mütəxəssislər arasında daha sıx əməkdaşlığın təşviq edildiyini deyib.
Çin ilə Azərbaycan
arasında baramaçılıq, pambıqçılıq, kənd təsərrüfatı texnikasının təchizatı və
digər sahələrdə əməkdaşlığın artıq səmərəli nəticələr verdiyini bildirən nazir
Məcnun Məmmədov Çin şirkətlərini Azərbaycandakı əlverişli və etibarlı
investisiya mühitindən yararlanmağa, işğaldan azad edilmiş ərazilər də daxil
olmaqla kənd təsərrüfatı sektorundakı investisiya imkanlarını nəzərdən keçirməyə
dəvət edib. O, həmçinin ölkəmizdə hər il keçirilən “Caspian Agro” sərgisində
Çindən daha çox şirkətin iştirakının müvafiq sahədə əməkdaşlığa müsbət təsir edəcəyini
deyib.
Nazir Məcnun
Məmmədov Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın
daha da dərinləşdirilməsi məqsədilə kənd təsərrüfatı və qida məhsulları üzrə
ticarətin şaxələndirilməsini, ağıllı kənd təsərrüfatı, aqrotexnologiyalar, dron
texnologiyaları və süni intellektin aqrar sahədə tətbiqi üzrə əməkdaşlığın gücləndirilməsini,
eləcə də kənd təsərrüfatı mütəxəssisləri üçün texniki təlimlərin və təcrübə
mübadiləsinin genişləndirilməsini təklif edib.
Azərbaycan
nümayəndə heyəti səfər çərçivəsində Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasına,
Pekin Kənd Təsərrüfatı və Meşəçilik Elmləri Akademiyasına baş çəkib, onların tədqiqatları,
əldə etdiyi uğurlu nəticələr barədə məlumatlandırılıb.