Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Cəbrayıl, Qubadlı
və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Aqrar tədarük
və təchizat” ASC-nin birgə təşkilatçılığı ilə ərsəyə gələn festival çərçivəsində
Horovlu kənd bazarının açılışı baş tutub, kənd təsərrüfatı məhsulları və əl işlərinin
yarmarkası təşkil olunub. Müxtəlif bölgələrdən fermer və investorlar üçün satış
imkanı yaradılıb.
Cəbrayıl şəhəri, Cocuq Mərcanlı və Horovlu kəndlərinin
sakinləri üçün təşkil edilmiş festival çərçivəsində Novruz bayramının
personajları olan Bahar qızı, Kosa və Keçəlin təqdimatında məzəli oyunlar, ənənəvi
tamaşalar, həmçinin musiqiçilər, xanəndələr, aşıqlar, xor kollektivi, rəqqaslar
və incəsənət xadimlərinin ifasında əyləncəli konsert proqramı təşkil olunub.
Uşaqlar üçün xüsusi zonada kukla teatr tamaşası göstərilib, interaktiv fləşmoblar,
viktorinalar keçirilib, hədiyyələr paylanılıb.
İştirakçılar Novruz bayramının əsas
simvolu kimi hazırladıqları kreativ səmənilərlə müsabiqəyə qatılaraq birincilik
uğrunda mübarizə aparıblar. İctimai xadimlərdən ibarət münsiflər heyəti
kreativlik, estetiklik və digər kateqoriya üzrə qalibləri müəyyən ediblər. Müxtəlif
nominasiyalarda qalib gələn iştirakçılara sponsorlardan hədiyyələr təqdim
olunub. Ustad aşpazların iştirakı ilə səməni halvasının hazırlanması üzrə
master-klass olduqca maraqla qarşılanıb. Horovlu kənd parkında təşkil edilən
festivalda qonaqlar sacda hazırlanan lavaş, fəsəli, kətə, həmçinin bölgənin
endemik bitikisi sayılan çirişotu kətəsinin dadına baxıblar.
Kəndirbazlar, pəhlivanlar, yumurta
boyayayanlar və digərlərinin iştirakı ilə baş tutan Novruz festivalı sonda
bayram tonqalı ətrafında birlik rəmzi olan Yallı rəqsi ilə başa çatıb.