Oktyabrın
10-da Xocalı rayonunun Ballıca kəndində Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı
və PAŞA Holdinqin maliyyə dəstəyi ilə AFAQ layihəsi çərçivəsində “Ballıcanının
ilk AFAQ-çıları” adlı tədbir baş tutub. Tədbirin əsas məqsədi işğaldan azad
olunan ərazilərdə kənd təsərrüfatının inkişafına dəstək göstərmək, xüsusilə də
qadın fermerlərin bu sahədə fəallığını artırmaq və onların dayanıqlı təsərrüfatlar
qurmasına şərait yaratmaqdır. Bu məqsədlə də tədbir çərçivəsində ümumilikdə
53 fermerə dəstək göstərilib.
Tədbirdə
Azərbaycan
Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı üzrə xüsusi
nümayəndəliyinin Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direrktor müşaviri İmran
Cümşüdov ,
Azərbaycan Respublikası
Prezidentinin Xankəndi, Ağdərə və Xocalı üzrə xüsusi nümayəndəliyinin
böyük məsləhətçisi Vüsal Səfərov, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri
Elgün Məhəmmədəlizadə, eləcə də kənd sakinləri iştirak ediblər.
Çıxış
edən “Aqrar Tədarük və Təchizat” ASC-nin
İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə fermerlərə dəstək məqsədi daşıyan
sosial yönümlü təşəbbüslər arasında AFAQ-ın xüsusi yer tutduğunu bildirib. O,
layihə çərçivəsində bu günə qədər 312 qadına dəstəyin təmin olunduğunu və
2025-ci ildən etibarən isə qadın kooperativlərinin təsisinə dəstək göstərildiyindən
də bəhs edib.
Tədbirdə
çıxış edənlər vurğulayıblar ki, bu cür təşəbbüslər kənd yerlərində məşğulluğun
artırılmasına, yerli istehsalın güclənməsinə və sosial rifahın
yaxşılaşdırılmasına mühüm töhfə verir. Layihə çərçivəsində yaradılan imkanlar təkcə
qadınların iqtisadi fəallığını artırmır, həm də kənd təsərrüfatında innovativ və
dayanıqlı təsərrüfatçılığın inkişafına şərait yaradır.
Məhz
bu məqsədlə Xocalıda hər birində 5 qadının yer aldığı “Güllü Yaylaq” və “Qızıl
Pətək” kooperativləri təsis edilib. Bu kooperativlər kənd təsərrüfatı məhsullarının
emalı və satışı ilə məşğul olacaq, nəticədə kənd qadınlarının həm məşğulluq, həm
də gəlir imkanları genişlənəcək. Bu addım eyni zamanda regionda yerli
istehsalın güclənməsinə və qadınların iqtisadi müstəqilliyinə mühüm dəstəkdir.
Xocalıya
səfər çərçivəsində layihənin davamlı təsirini gücləndirmək üçün fermerlər üçün
biznes idarəçiliyi, maliyyə savadlılığı, heyvandarlıq, arıçılıq, quşçuluq,
tingçilik və kooperativ idarəçiliyi üzrə peşəkar təlimlər təşkil olunub. Təlimlərdə
iştirakçılara yalnız nəzəri biliklər deyil, həm də praktik bacarıqlar ötürülüb.
Tədbirin
yekununda fermerlərin təsərrüfatlarını inkişaf etdirmələrinə dəstək məqsədilə
AFAQ layihəsi çərçivəsində 86 ədəd avadanlıq və 18 ton yem verilib, həmçinin
onlara sertifikatlar təqdim edilib.