Sentyabrın 24-də Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın
təşəbbüsü ilə Kəlbəcər rayonunda “Kəlbəcər Bal Festivalı 2025” tədbiri baş
tutub.
Festival IDEA İctimai Birliyinin, Kəlbəcər
rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı
Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar
Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin
Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, kənd təsərrüfatı naziri Məcnun
Məmmədov, “Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin sədri Elgün Məhəmmədəlizadə,
dövlət qurumlarının nümayəndələri, yerli sakinlər iştirak ediblər.
Festivalda Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarından, Respublikanın digər bölgələrindən məhsullarını brendləşdirmiş
ümumilikdə 37 arıçı fermer iştirak edib. IDEA İctimai Birliyinin təşəbbüsü
ilə gənclər arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən
“Gənc Arıçı” layihəsinin iştirakçıları da festivalda məhsullarını sərgiləyiblər.
Festivalda həmçinin arıçıların iştirakı ilə bal və digər arıçılıq məhsullarının
nümayişi, bu istiqamətdə innovativ yanaşmaların və texnologiyaların təqdimatı,
bal məhsullarının dequstasiyası və milli mətbəx nümunələri, eləcə də
uşaqlar üçün əyləncə zonaları təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd Kəlbəcər
balının tanıdılması və coğrafi brendləşmə, yerli arıçıların dəstəklənməsi,
yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, həmçinin, Kəlbəcərin
tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin inkişafına töhfə,
aqroturizm, ekoturizm və kənd turizminə marağın artırılması, bölgənin
musiqisinin, rəqslərinin, mətbəxinin, milli-mədəni irsin təbliğidir.
Tədbir iştirakçıları öncə arıçı fermerlərin
nümayiş etdirdikləri arıçılıq məhsullarına baxış keçirib, onlarla həmsöhbət
olublar.
Tədbirin rəsmi hissəsində Azərbaycan
Respublikası Prezidentinin Kəlbəcərdəki Xüsusi Nümayəndəsi Bəşir Hacıyev
bildirib ki, Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş
torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri Kəlbəcərin qədim ənənələrinin,
o cümlədən arıçılığın bərpasına və inkişafına geniş imkanlar açır: “Cənab
Prezident dəfələrlə Kəlbəcər balını şəxsən təbliğ edib ki, bu da həmin məhsulun
keyfiyyətinə və tanınmasına verilən ən yüksək dəyərin göstəricisidir. Bu gün Kəlbəcər
balı öz təbii xüsusiyyətləri və keyfiyyəti ilə seçilərək Azərbaycanın milli
brendlərindən birinə çevrilməkdədir. Bu festival vasitəsilə biz yalnız Kəlbəcər
balını deyil, bütövlükdə rayonun təbii sərvətlərini, zəngin florasını,
faunasını və burada yaşayan insanların zəhmətini geniş auditoriyaya təqdim
edirik”.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcər
və digər azad olunmuş ərazilərin arıçılığın inkişafı üçün geniş potensiala
malik olduğunu, bölgənin yaylaqlarında istehsal olunan arıçılıq məhsullarına
daxili bazarda böyük tələbat olduğunu deyib. Bal və digər arıçılıq məhsullarının
beynəlxalq bazarlara çıxışı üçün brendləşmənin vacibliyini bildirən nazir bu
istiqamətdə nazirlik tərəfindən arıçılara köməklik göstərildiyini qeyd edib.
Nazir bildirib ki, 2024-cü ildə Azərbaycanda arı ailələrinin sayı 579 minə çatıb,
bal istehsalı 2023-cü illə müqayisədə 13,04% artıb. Nazir bildirib ki, bu
festivala göstərilən böyük maraq onun ənənəyə çevriləcəyinə və hər il keçirilməsinə
əsas yaradır.
“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin
sədri Elgün Məhəmmədəlizadə isə arıçılığın ölkənin kənd təsərrüfatında
mühüm rolunu vurğulayaraq dövlətin bu sahəyə göstərdiyi dəstək nəticəsində
istehsal həcminin sürətlə artdığını bildirib.
Tədbir konsert proqramı ilə davam etdirilib.