2-3 avqust tarixlərində Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin
təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkası keçiriləcək.
Yarmarkanın məqsədi yerli fermerlərə dəstək
göstərmək, onların məhsullarının satış imkanlarını artırmaq və şəhər sakinlərini
sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir.
Tədbirdə ölkənin müxtəlif bölgələrindən təxminən
20 rayondan 25-ə yaxın fermer iştirak edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd
təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə birbaşa təqdim edəcəklər.
Məhsulların təhlükəsizliyinə və keyfiyyətinə
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti
ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar ərazidə fəaliyyət göstərəcək Səyyar
Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları analiz etdirə bilərlər.
Yarmarka saat 09:00-dan 19:00-dək, iki gün ərzində
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro
stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.
Qeyd edək ki, iştirak edən fermerlərə
piştaxtalar, tərəzilər və digər vacib avadanlıqlar ödənişsiz şəkildə təqdim
olunur.