
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki
“Aqrar Tədarük və Təchizat” ASC-nin və “Paşa Holdinq”in dəstəyi ilə həyata
keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şəki şəhər Öryət kəndində yerləşən
"Bio Garden" aqroturizm təsərrüfatında 23 təsərrüfat sahibinə
"Aqroturizmə hazırlıq" praktik təlimi keçirilib. "Bio
Garden" aqroturizm təsərrüfatının sahibi Ehtibar Nuriyev iştirakçılara aqroturizmin
əsas prinsipləri, aqroturizm fəaliyyətlərinin icrası, təhlil və strategiya
metodları, biznes planın hazırlanması və digər mövzular üzrə məlumat verib. Həmçinin
görüşdə fermerlərlə aqroturizmdə qonaqpərvərlik, qidalanmanın təşkili, təmizlik
işinin təşkili kimi mövzularda müzakirələr aparılıb, iştirakçıların sualları
cavablandırılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi ölkəmizdə
aqroturizmin inkişaf etdirilməsi, fermerlərin bu sahədə bilik və
bacarıqlarının, eləcə də regionlarda yaşayan əhalinin məşğulluğunun
artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, şəhər
sakinləri və xarici turistlər üçün isə fərqli turizm imkanlarının yaradılması
istiqamətində həyata keçirilir.