
31 may-1
iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük
və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” həftəsonu
yarmarkası keçiriləcək.
Yarmarkanın
təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək,
onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin
təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.
Yarmarkada
20-yə yaxın regiondan iştirak edəcək 50-yə yaxın fermer 150-yə qədər çeşiddə kənd
təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Burada
satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyi nəzarət edəcək. Belə ki, məhsulların keyfiyyəti ilə bağlı hər hansı
sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida
Laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verə bilərlər.
Yarmarka 2
gün müddətində 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5
(“Gənclik” metro stansiyasının yanı) ünvanında təşkil olunacaq.
Qeyd edək
ki, “Kənddən Şəhərə” yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi
avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.