Новости

Bakıda 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir

17 / 05 / 2023

Bakı Ekspo Mərkəzində sayca 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") öz işinə başlayıb.

Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, sayca 16-cı olan bu sərgi çox əlamətdar bir ilə təsadüf edir. Bu il xalqımız müasir Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bu səbəbdən bu gün fəaliyyətə başlayan sərgi də məhz Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Nazir qeyd edib ki, Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövr Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması ilə müasir tariximizə əbədi həkk olunub. Müstəqil Azərbaycan dövlətinin, eyni zamanda Azərbaycanda aqrar sahənin inkişafı Ulu Öndərin fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyevin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının qəbul etdiyi qərarlar, imzaladığı Fərman və Sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır.

Nazir əlavə edib ki, kənd təsərrüfatının intensiv inkişafı həm də aqrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır. Ölkəmizdə bütün sahələrdə olduğu kimi kənd təsərrüfatında da innovasiyaların və müasir texnologiyaların tətbiqi dövlət tərəfindən dəstəklənir. Aqrar sahələrdə innovasiyalardan istifadə günümüzün çağırışı olduğundan bu gün fəaliyyətə başlayan sərgi kənd təsərrüfatı məhsullarının istehsalçılarına bu innovativ yeniliklərlə əyani tanış olmağa imkan verir.

Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin edilməsində, kənd təsərrüfatı və qida məhsullarının ixrac potensialının artırılmasında mühüm rol oynayıb. Bu beynəlxalq tədbirdə kənd təsərrüfatı və qida sahəsində məhsul və xidmətlərin nümayiş etdirilməsi yeni işgüzar əlaqələrin qurulmasına və genişləndirilməsinə imkan verəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sərgilərin kiçik və orta bizneslərin (KOB) satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasında önəmini qeyd edib. Bildirib ki, kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır. KOBİA da bu sektorlarda fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. Dövlət-özəl əməkdaşlığı çərçivəsində reallaşdırılan layihələr qarşıdakı illərdə aqrar və qida sənayesinin, nəticədə isə ölkə iqtisadiyyatının inkişafına öz müsbət töhfəsini verəcək.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova kənd təsərrüfatı məhsullarının istehsalının ərzaq və qida təhlükəsizliyində başlıca şərtlərdən biri olduğunu vurğulayıb. Nazir müavini əlavə edib ki, Naxçıvan fermerləri daha çox organik məhsulları yetişdirməyə üstünlük verir.

“Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov qeyd edib ki, “Caspian Agro 2023” və “InterFood Azerbaijan 2023” sərgilərində ümumilikdə dünyanın 31 ölkəsindən 479 şirkət təmsil olunur.

Qeyd edək ki, "Caspian Agro" sərgisi kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, distributorlar, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir yerə toplayıb. Sərgidə iştirakçılar arasında Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Çexiya, Polşa, Avstriya, İspaniya, Latviya, Estoniya, Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə, İsrail və Hindistan şirkətləri yer alıb. Hər iki sərgidə iştirakçıların 71%-ni xarici şirkətlər təşkil edir.

Sərgidə kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayiş olunur. İştirakçılar Elektron Kənd Təsərrüfatı, robototexnika, pilotsuz uçuş aparatları, IT xidmətləri, süni intellekt, alternativ enerji mənbələri kimi smart bölmələrdə maraqlı məlumatlar əldə edə bilərlər. Kənd Təsərrüfatı Nazirliyinin təmsil olunduğu pavilyonda Heydər Əliyevin 100 illiyinə həsr edilmiş stend də quraşdırılıb. Pavilyonda nazirliyin elmi-tədqiqat institutlarının ən son nailiyyətləri, startap müsabiqələrin qaliblərinin təqdim etdiyi məhsul və aqrar həllər, yaşıl enerji mənbələrinə dair qurğu və məhsullar nümayiş olunur.

Qeyd edək ki, “Caspian Agro” sərgisi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə “Aqrar İnnovasiyalar Forumu” adı altında kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən panel müzakirələri keçiriləcək.