Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
18-19 iyun tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil
olunacaq.
Yarmarkalar Bakı və Abşeron ərazisində
3 fərqli ünvanda fəaliyyət göstərəcək. Budəfəki yarmarkalarda ümumilikdə 45
regiondan 100-ə yaxın fermer iştirak edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd
təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
“Kənddən Şəhərə” həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd
yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər
sakinlərini yerli, mövsümi və təbii kənd məhsulları ilə dolğun şəkildə təmin
etməkdir.
Yarmarkalarda satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət olunacaq. Belə ki, yarmarkada
Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan məhsulların
keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən
faydalana bilərlər.
Qeyd edək ki, “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında fermerlər
tamamilə ödənişsiz şəkildə iştirak edirlər. Onlar piştaxta, tərəzi, soyuducu və
digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunurlar. Həmçinin məhsullarının
daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilir. Onların məhsulları
birbaşa təsərrüfatlarından yarmarka keçirilən ünvanlara qədər daşınır.
“Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət
göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro
stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının
yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A