
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
təşkil olunan “Kənddən Şəhərə” Yeni il yarmarkalarında “Şəhərdən Kəndə” layihəsinə
qoşulmuş aqroturizm təsərrüfatlarının təqdimatı keçirilib.
Lənkəran rayonunda yerləşən
“Citrus Valley” təsərrüfatının sahibi Rəftarə Şükürova, Astara rayonunda yerləşən
“Sım Garden” təsərrüfatnın sahibi Elman Yusifov və İsmayıllı rayonunda yerləşən
“İvanovka Honey Farm” təsərrüfatının sahibi Andrey Antifeyev yaratdıqları təsərrüfatlar
barədə şəhər sakinlərinə ətraflı məlumat veriblər. Həmçinin fermerlər istehsal
etdikləri təbii məhsulları yarmarka ziyarətçilərinə təqdim ediblər.
Qeyd edək ki, “Kənddən Şəhərə”
Yeni il yarmarkaları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
bayramı münasibətilə Bakı və Abşeron ərazisində təşkil olunur. Yarmarkalarda
iştirak ödənişsizdir. 30 dekabr tarixinədək hər gün fəaliyyət göstərəcək
yarmarkalarda 50-ə yaxın regiondan 70-dən artıq fermer 80-ə yaxın çeşiddə kənd
məhsulunu satışa çıxarıb.
“Şəhərdən Kəndə” layihəsi isə Kənd
Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda
yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün
alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli
turizm imkanlarının yaradılmasıdır.
Layihə çərçivəsində bu günə qədər
yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 115 təsərrüfat
sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar
sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 134 fermer təsərrüfatından 97-si
aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.