Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində
“Aqrar Tədarük və Təchizat” ASC tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
texniki və “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən AFAQ layihəsində
iştirak etmək üçün ilkin mərhələdə 500-ə yaxın qadın fermerdən müraciət daxil
olub.
İndiyədək 72 fermerin təsərrüfatına baxış
keçirilib, qiymətləndirmə aparılıb. Dəyərləndirmə aparıldıqdan sonra layihənin
kriteriyalarına uyğun gələn qadın fermerlərin təsərrüfatlarına onların müraciətlərinə
uyğun olaraq müvafiq avadanlıqlar veriləcək və təlimlər keçiriləcək.
Ötən gün Şamaxı rayonundan layihəyə
seçilmiş ilk qadın fermerlərlə növbəti görüş keçirilib. Görüş zamanı layihəyə
müraciət etmiş və təlimləri uğurla tamamlamış 3 qadın fermerə təsərrüfatlarının
ehtiyacları üzrə dəstək göstərilib. Dəstək göstərilən hər üç fermer Şamaxı
rayonu Məlikçobanlı kənd sakinləridir. Fermer Ramilə Seyidova və Gülmayə
Seyidovaya təsərrüfatlarının böyüdülməsi məqsədi ilə iribuynuzlu, İradə
Abdullayevaya isə xırdabuynuzlu heyvanlar verilib.
Görüş zamanı AFAQ layihəsinin koordinatoru
Fidan Alıyeva və Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Etibar
Muradlı fermer qadınları təlimləri uğurla başa vurduqları üçün təbrik edib, gələcəkdə
təsərrüfatlarını böyütmək, daha da inkişaf etdirmək üçün Kənd Təsərrüfatı
Nazirliyi və tabeliyindəki qurumların xidmətlərindən istifadə etməyi tövsiyə
ediblər.
Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı
sahəsinə fəaliyyət göstərən qadın fermerlərin sayının, həmçinin bilik və
bacarıqlarının artırılması, eləcə də aqrar sahibkara çevrilmə yolunda onlara dəstək
göstərilməsi məqsədilə icra edilir. Layihə çərçivəsində qadın fermerlərə
ehtiyacları üzrə dəstəyin göstərilməsi bundan sonra da davam etdiriləcək.
Layihəyə müraciət etmək istəyən qadın
fermerlər afaq.az saytı vasitəsi ilə qeydiyyatdan keçə, ATT-nin Regional İdarələrinə,
eləcə də DAİM-lərə müraciət edə, 1652 və ya +994504008899 nömrəsi ilə əlaqə
saxlaya bilərlər.
Xatırladaq ki, AFAQ layihəsi çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən keçirilən təlim və konsultasiya dəstəyindən bu günə qədər 300-ə yaxın qadın fermer faydalanıb.