26-27 iyul tarixlərində Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı
ilə paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq.
Yarmarkanın məqsədi yerli fermerlərə dəstək
göstərmək, onların məhsullarının satış imkanlarını artırmaq və şəhər sakinlərini
sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir.
Tədbirdə 20-yə yaxın regiondan 50-yə qədər
fermer iştirak edəcək. Onlar 150-yə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu
birbaşa satışa çıxaracaqlar.
Satışa təqdim olunan məhsulların keyfiyyətinə
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti
ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar ərazidə fəaliyyət göstərəcək Səyyar
Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları analiz etdirə bilərlər.
Yarmarka 2 gün müddətində, saat 09:00–19:00-dək
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro
stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.
Qeyd edək ki, yarmarkaya qoşulan fermerlər
piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin
olunurlar.