Xəbərlər

“AqriteQ 2026” və lll Məkkə Halal Forumu başa çatıb.

19 / 02 / 2026

2026-cı ilin 11–14 fevral tarixlərində Doha şəhərində keçirilən “AgriteQ 2026” Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində, eləcə də 14–17 fevral tarixlərində Məkkə şəhərində təşkil olunan 3-cü Məkkə Halal Forumunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli və “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə də yer alıb.

Səfər zamanı Qətər Bələdiyyə Nazirliyinin Qida Təhlükəsizliyi Departamentinin rəhbərliyi, eləcə də ölkənin aparıcı idxalatçı şirkətləri ilə görüşlər keçirilib. Görüşlərdə kənd təsərrüfatı məhsullarının Qətər bazarına çıxışı, ixrac potensialının genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, biznes subyektləri arasında birbaşa əlaqələrin qurulması mövzuları müzakirə olunub.

“Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Azərbaycanın ixrac potensiallı kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanları təqdim edilib, qarşılıqlı əməkdaşlığın institusional və texnoloji əsaslarının gücləndirilməsi istiqamətində təkliflər irəli sürülüb.

Daha sonra nümayəndə heyəti 3-cü Məkkə Halal Forumunda iştirak edib. Forum çərçivəsində təşkil olunan sərgidə ölkəmizin aqrar şirkətləri öz məhsullarını nümayiş etdirərək halal bazar imkanlarını təqdim ediblər.

Səfərlər çərçivəsində “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə beynəlxalq sərgilərdə aktiv iştirakın, ixracın təşviqinin və yerli istehsalçıların xarici bazarlara çıxışının genişləndirilməsinin prioritet istiqamət olduğunu diqqətə çatdırıb.

Hər iki səfər zamanı beynəlxalq sərgilərdə mütəmadi iştirak, ticarət əlaqələrinin genişləndirilməsi, aqrar sahədə institusional və texnoloji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində qarşılıqlı razılıq əldə olunub.