Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən Şəhərə” layihəsi
çərçivəsində Bakı və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar olaraq
qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq.
“Kənddən Şəhərə” Qurban bayramı yarmarkasının təşkilində əsas
məqsəd vətəndaşların qurbanlıq qoyunlara artan tələbatını ödəmək, alternativ
qurbanlıq seçimi imkanlarını artırmaq və onlayn xidmətlərdən istifadəni təşviq
etməkdir.
Qurbanlıqların onlayn şəkildə sifarişi qurbanliq.kendden.az
elektron portalı vasitəsilə həyata keçiriləcək. Elektron portal 5 iyuldan
etibarən vətəndaşların istifadəsinə veriləcək.
Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar
qurbanliq.kendden.az saytına daxil olaraq 5 iyul 18:00-dan 8 iyul 18:00-dək şəxsi
məlumatlarını mövcud xanalar üzrə qeyd edə və satış məntəqələri üçün onlayn
növbə götürə bilərlər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürmək istədikləri
məntəqə ünvanlarını, tarixi və saatı seçməkdə sərbəstdirlər. Qurbanlıq qoyunlar
çəkilərinə uyğun olaraq iki kateqoriyada vətəndaşlara təklif olunur. Sifariş
edilən qurbanlığın dəyəri diri çəkidə hər kiloqram üçün müəyyən olunmuş məbləğdə
hesablanaraq ödəniləcək. Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun
dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdikləri zaman
portal üzərindən, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə
etdikləri zaman ödəyəcəklər. Qurbanlıqlar yalnız diri formada vətəndaşlara təqdim
olunacaq.
Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil
telefonuna sifarişin təsdiq edilməsi barədə SMS-bildiriş göndəriləcək. Daha
sonra vətəndaşlar seçdikləri tarix və saatda müvafiq ünvana yaxınlaşaraq mobil
telefonlarına göndərilmiş təsdiq bildirişini göstərməklə sifariş etdikləri
qurbanlığı əldə edə biləcəklər.
Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları
Bakı və Sumqayıt ərazisində aşağıda qeyd edilən satış məntəqələrindən götürə
biləcəklər:
Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 52C
Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan yolu 22
Səbail rayonu, Gülbala Əliyev küçəsi, 20
Xətai rayonu, İnqilab İsmayılov küçəsi (5 saylı binanın
arxası)
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196
(“İnşaatçılar metro stansiyasının yaxınlığı)
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 110H
Sumqayit şəhəri, Çerkassi küçəsi, 53-cü məhəllə