Home page   /   News

News

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bilik yarışı keçirilib

11 / 05 / 2022

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Zəka” intellektual bilik yarışı keçirilib. Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad olunub.

Yarışda Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarında çalışan işçilərdən ibarət 14 komanda iştirak edib. Hər komandada 6 nəfərin yer aldığı bilik yarışı maraqlı və gərgin mübarizə şəraitində keçib.

Nəticədə “Zəka” bilik yarışında KTN-nin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun komandası 1-ci, Aqrar Tədarük və Təchizat ASC-nin komandası 2-ci, “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin komandası 3-cü yeri tutub.

Qaliblərin mükafatlandırılma mərasimində KTN-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov çıxış edərək Ulu Öndərin əziz xatirəsini yad edib və aqrar sahədə çalışan əməkdaşlar arasında ilk dəfə keçirilən bu bilik yarışının ənənəvi olacağını bildirib. Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Süleymanov ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən, aqrar sahənin inkişafında xidmətlərindən bəhs edib.

Sonda qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.