www.tovillage.az
elektron aqroturizm platformasının təqdimatı keçirilib
Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində
təsərrüfatlara dəstək tədbirləri davam edir. Növbəti dəfə Quba, Astara və Lənkəran
rayonlarında yerləşən 3 təsərrüfata dəstək göstərilib. Təsərrüfatlarda yenidənqurma
işləri aparılıb, həmçinin fermerlər ehtiyacları üzrə inventarlarla təmin
olunublar.
Kənd təsərrüfatı
nazirinin müavini Sarvan Cəfərov dəstək göstərilən təsərrüfatlardan biri olan Lənkəran
rayonunun İstisu qəsəbəsində yerləşən “Citrus Valley” təsərrüfatında görülmüş
işlərlə tanış olub, www.tovillage.az elektron aqroturizm platformasının təqdimatı
tədbirinə qatılıb. Tədbirdə “Şəhərdən Kəndə” layihəsi çərçivəsində görülən işlər, bu layihənin təsərrüfatların inkişaf dinamikasına və fermerlərin gəlirlərinin
yüksəlməsinə təsiri barədə məlumat verilib.
Tədbirdə
çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki,
aqroekoturizm aqrar sahənin inkişafı ilə birbaşa bağlı olan, özündə kənd təsərrüfatı,
turizm, ekologiya, kiçik və orta biznes kimi sahələri cəmləşdirən bir
sistemdir. Nazir müavini qeyd edib ki, bütün dünyada kənd turizminə maraq ildən-ilə
artır, yerli və xarici turistlərə təklif olunan turizm məhsulları arasında
aqroekoturizm məhsullarının payı artır: “Ölkəmizdə də ciddi bir aqroekoturizm
potensialı mövcuddur. Kənd təsərrüfatı inkişaf etdikcə bu potensial da böyüyür.
Mövcud potensialın üzə çıxarılması yerli və xarici auditoriyaya kənd turizminin
fərqli formalarını təqdim etməyə imkan verir. Aqroekoturizmi inkişaf etdirməklə
biz kənd yerlərində məşğulluq səviyyəsini artırmağa, əhalinin gəlir səviyyəsini
yüksəltməyə nail oluruq. Bu baxımdan “Şəhərdən Kəndə” layihəsi çərçivəsində
xeyli işlər görülüb, aqroekoturizm xidmətləri göstərən təsərrüfatların fəaliyyətinin
müasir standartlar səviyyəsində qurulmasına yardım göstərilib”.
Qeyd edək
ki, “Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Citrus Valley” təsərrüfatında
qidalanma ərazisi üçün yardımçı sahə tikilib, təsərrüfatın giriş və ümumi hissəsi
abadlaşdırılıb, uşaqlar üçün oyun meydançası yaradılıb. Həmçinin xidmət səviyyəsinin
yüksəldilməsi məqsədi ilə təsərrüfat bir sıra avadanlıqlar və əşyalarla təmin
olunub.
Tədbir
zamanı ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi məqsədi ilə yaradılan
www.tovillage.az elektron aqroturizm platformasının təqdimatı da baş tutub.
Elektron platforma həm səyahət etməyi sevən insanların, həm aqrar
sahibkarların, həm də turizm sahəsi üzrə ixtisaslaşmış şirkətlərin istifadəsi
üçün nəzərdə tutulub. Belə ki, aqroturizm yönümlü təsərrüfatlara səyahət
etməyi sevən turistlər sayta daxil olaraq arzuladıqları fəaliyyətlərlə zəngin
turlara qoşula, fərdi turlar yarada və yaxud saytda yerləşdirilmiş qonaq evlərini
rezervasiya edə bilərlər.
Tədbirdə
FAO-nun, Lənkəran Rayon İcra Hakimiyyətinin, ABAD-ın və ölkəmizdə fəaliyyət
göstərən diplomatik korpusun nümayəndələri, həmçinin “Şəhərdən Kəndə” layihəsinə
qoşulmuş fermerlər iştirak ediblər.
Qeyd edək
ki, “Şəhərdən Kəndə” layihəsi “Paşa Holdinq”in dəstəyi ilə korporativ sosial məsuliyyət
proqramı çərçivəsində həyata keçirilir.
Bu günə qədər
“Şəhərdən Kəndə” layihəsinə qoşulmaq üçün 220-ə yaxın fermer müraciət edib.
Müraciət edən fermerlərin 115-nin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə
aparılıb. Layihəyə edilən müraciətlər və aparılan qiymətləndirmələr əsasında
ümumilikdə 9 təsərrüfatda yenidənqurma işləri həyata keçirilib, müxtəlif
avadanlıq və ləvazimatlarla dəstək göstərilib. Layihə çərçivəsində əcnəbi və
yerli mütəxəssislər tərəfindən 100-dən artıq fermerə aqroturizm modulu üzrə təlim
keçirilib. Fermerlər 14 rayondan 75 təsərrüfatı təmsil ediblər.