Xəbərlər

Bu il Bal yarmarkasında 100 tondan artıq arıçılıq məhsulu satılıb

10 / 11 / 2021

Alıcılar daha çox cökə balı alıblar.

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 20 oktyabr-7 noyabr tarixlərində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında keçirilən arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası başa çatıb.

Bu il Bal yarmarkasında 100 tondan artıq arıçılıq məhsulu satılıb. Yarmarkada iştirak edən hər bir arıçıya bir arı ailəsi üzrə 10 kq olmaqla maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq hüququ verilib.

Yarmarkaya qeydiyyat 25-29 sentyabr tarixlərində onlayn qaydada bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarkada iştirak edən arıçılar növbəlilik prinsipi ilə müəyyənləşib. Belə ki, builki yarmarkada dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası səbəbindən hər bir iqtisadi rayondan maksimum 40 olmaqla ümumilikdə 250 arıçı iştirak edib. İştirak edən arıçılara Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 25 arı ailəsi, eləcə də COVID-19 pasportuna və ya immun sertifikatına malik olması tələbi qoyulub.

Balların qəbulu prosesi Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin Xocahəsən yolu, 57 ünvanında yerləşən anbarında baş tutub. Yarmarkaya təqdim edilən bütün arıçılıq məhsulları Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya şəraitində yoxlamadan keçirilib. Yarmarkaya yalnız keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb.

Bu il ilk dəfə olaraq Bal yarmarkasına işğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında olan təsərrüfatlardan arıçılıq məhsulları çıxarılıb. Bu məhsullar alıcılar tərəfindən maraqla qarşılanıb və yarmarkanın ilk həftəsində tamamilə satılıb.

Bal yarmarkasının təşkili müddətində təşkilatçı qurum tərəfindən yarmarkanın təşkili və müştəri məmnunluğu səviyyəsini müəyyənləşdirmək məqsədilə alıcılar və satıcılar arasında rəy sorğusu keçirilib. Bal yarmarkasında iştirak edən ölkənin müxtəlif rayonlarından olan 250 arıçı fermer arasında sorğu aparılıb. Sorğuda iştirak edənlərin 92%-ni kişilər, 8%-ni qadınlar təşkil edib.  Sorğuya cəlb olun satıcıların 93,62%-i yarmarkanın yüksək səviyyədə təşkil olunduğunu bildirib, respondentlərin yalnız 6,38%-i yarmarkanın təşkilindən qismən razı qaldıqlarını bəyan ediblər. 

Yarmarkanın 5 ballıq sistem üzərindən qiymətləndirilməsi məqsədilə 1116 alıcı arasında sorğu keçirilib. Alıcıların 83,7%-i arıçılıq məhsullarının qiymətlərindən razı olduğunu, 13,4%-i qismən razı olduğunu bəyan edib, respondentlərin 2,9%-i isə qiymətlərin onları qane etmədiyini qeyd edib. Sorğu nəticəsində məlum olub ki, rəyi soruşulan alıcılardan 827 nəfər arıçılıq məhsulları üçün 25-50 manat, 189 nəfər 50-100 manat, 61 nəfər 100-150 manat, 17 nəfər 0-25 manat, 12 nəfər 150-200 manat, 10 nəfər 200 manat və daha artıq pul xərcləyib. Təhlillər onu göstərir ki, alıcılar daha çox cökə, çiçək, dağ və meşə balı almağa üstünlük verib.

Sorğuda iştirak edən 725 alıcı yarmarka ilə bağlı məlumatı kütləvi informasiya vasitələri, 298 nəfər sosial media kanalları, 93 nəfər isə digər şəxslər vasitəsi ilə əldə etdiklərini vurğulayıb.

Qeyd edək ki, yarmarkanın son günündə təşkilatçı qurum tərəfindən 250 arıçı yarmarkada iştiraklarına görə “İştirak şəhadətnaməsi”, 51 arıçı keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri üzrə ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə “Keyfiyyətli arıçı”, 32 arıçı isə nümunəvi iştirakına, nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etdiyinə görə “Fərqlənmə sertifikatı” ilə təltif olunublar.